Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər - Həzi Aslanovun müəmmalı ölümü

Gender.Az Kulis.az-a istinadən 2 dəfə Sovet İttifaqın Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanov haqqında maraqlı faktları təqdim edir.
Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub.
***
13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə işləyib, sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib.
***
Komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilən Həzi qısa müddət Zaqafqaziya hərbi hazırlıq məktəbinin "rota qəzeti"nin redaktoru olub.
***
1937-ci ildə Ukrayna SSR-in Obruç şəhər sovetinin deputatı seçilib.
***
Həzi Aslanov İkinci dünya müharibəsinə qədər Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb.


1933- cü ildə həyat yoldaşı Xavər xanımla Lənkəranın Gərmətük qəsəbəsində tanış olurlar. Xavər xanım xatirələrində həmin günü belə qeyd edib: "1933-cü ilin yazı idi, alça ağacının gül açan vaxtı idi. Pəncərə önündə oturmuşdum. Birdən gördüm bir hərbiçi mənə baxır. İki gündən sonra mənə elçi gəldi. Onlar məni Həzi üçün istədilər.
***
Həzi Aslanov 1933-cü ildə ailəsini də özü ilə Obris şəhərinə aparır.
***
Onun Xavər xanımla evlilikdən 1934-cü ildə Tofiq, 1938-ci ildə Arif adlı oğlanları dünyaya gəlir.
***
Onu tanıyanlar Həzi Aslanovun həddindən artıq zarafatçıl insan olduğunu söyləyir.


32 yaşında Sovet İttifaqı Qəhrəmanı, 34 yaşında general olub.
***
Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən 47 il sonra, 1991-ci ildə verilir.
***
1944-cü ilin iyulunda 3-cü Belarusiya cəbhəsinin komandanı, ordu generalı İ. Çernyaxovski Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsi ilə bağlı sənəd imzalasa da o sənədlər ünvana çatmır.


1983-cü ildə Azərbaycan televiziyasının sifarişi ilə M.Bağırov Həzi Aslanov barədə film çəkir. (General haqqında ilk filmini o, 1967-ci ildə çəkib). Filmin baxışında iştirak edən veteranlarla görüş zamanı ilk dəfə olaraq Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunması barədə məlumat səslənir.
***
Stalinqradın azad olunmasında Azərbaycan xalqının yetirdiyi böyük sərkərdə Həzi Aslanovun müstəsna xidmətləri olub.
***
1945-ci ildə bütün müttəfiq Respublikalarda Müdafiə Nazirlikləri yaranan zaman, Mircəfər Bağırov onu Azərbaycanın Müdafiə Naziri təyin etmək haqqında fikir bildirib. Həmin vaxt Nazirlər Sovetinin sədri olan Teymur Quliyev bildirib ki, hazırda müharibə gedir, Həzi Aslanova icazə verməzlər, o, döyüşdədir. Bağırov Stalinə zəng edib Həzi Aslanovun Azərbaycana gəlməsi üçün icazə alır.
***
Onu ilk təbrik edən SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan olur. O Həzi Aslanova deyir "Həzi, səni təbrik edirəm, sən sabah Azərbaycan Kommunist Partiyasının sərəncamına getməlisən, səni Azərbaycana müdafiə naziri təyin edirlər. Ancaq sabah biz hücuma hazırlaşırıq. Mən istərdim ki, sən özün hücumu planlaşdırasan". Həzi təklif edir ki, almanlardan qənimət götürülən altılüləli minamyot orta cinahda yerləşdirilsin və düşmənə atəş açsın. Səhərisi gün Həzi Aslanov Bakıya getməli idi. Onun bir yük maşını vardı, dincəlmək üçün həmin maşını yaşayış otağına çevirmişdi. Ora gedir, çəkmələrini çıxarır ki, rahatlansın. Aradan 20-25 dəqiqə keçməmiş o altılüləli minamyotdan çıxan altı mərmi Həzi Aslanovun olduğu maşına dəyir.
***
Onunla bağlı xatirələrdə xeyirxah insan olduğu ilə bağlı bir çox faktlar var. Həzi Aslanov 1941-ci ildə Tulada bütün ailə üzvlərini itirən bacı-qardaşın ağladığını görür. Uşaqların kimsəsiz qaldığını öyrənən Həzi niyə uşaqları uşaq evinə aparılmadığını soruşur. Ona uşaq evində yer olmadığı deyilir. Bütün işini-gücünü atıb uşaqları özü uşaq evinə aparır və yerləşdirir. Tez-tez bu uşaqlara baş çəkir. Bir gün qız ağlayaraq Həzi Aslanovu qucaqlayıb qardaşının öldüyünü bildirir. O, dərhal tapşırıq verib ki, bu qıza baxın, məktəbi bitirsin, universitetə daxil olsun. Həmin qız indi Almaniyda yaşayır, akademikdir.


Müharibə başlayan vaxt Həzi Aslanov mayor idi. Olduğu Lvovda zabitlərin ailələrini vaqonlara mindirib, axta cəbhəyə göndərəndə həyat yoldaşı Xavər xanım, oğulları Tofiq və Arif də orada olublar. O, qətiyyən ailəsinə xüsusi yer ayırmayıb, hamı kimi onları da ümumi vaqona mindirib.
***
Akademik Samsonov deyirdi ki, başqaları tankda lyuku örtüb hücuma keçəndə, Həzi Aslanov maşında oturub gedirdi. O, özünü Allahın saxladığı insan kimi hiss edirdi, ölümdən qorxmurdu. Samsonova görə, Aslanov inanırdı ki, o, ölə bilməz.
***
Həzi Aslanov haqqında tanınmış şairlərimiz S.Vurğunun, Məmməd Arazın, Mir Cəlalın, F.Qocanın şeirləri və xalq yazıçısı Hüseyn Abbaszadənin "General" romanı var. Onun haqqında 4 sənədli, bir bədii film çəkilib.
***
Həzi Aslanova qarşı qərəz ölümündən sonra da səngimir. Belə ki, 1985-ci ildə Ramiz Fətəliyevin ssenarisinə Rasim İsmayılovun ekranlaşdırdığı "Sizi dünyalar qədər sevirdim" filmindən də maneələr yan keçmir.
***
Filmin ikinci rejissorunun milliyətcə erməni olmağı azmış kimi filmə mərkəz tərəfindən məsləhətçi kimi bir erməni general təyin edilir. Aslanyan soyadlı generalı görən kimi bütün yaradıcı heyət təşvişə düşür. Yaradıcı heyət əvvəlcədən bir hərbi mütəxəssis, bir tarixçi, bir də Həzi Aslanovun tankının sürücü-mexaniki olan Kurkovu çəkilişlərə məsləhətçi kimi dəvət etməyi nəzərdə tutmuşdu. İş o həddə çatır ki, yaradıcı heyət ziyalılardan kömək istəyir. Sabir Rüstəmxanlı qalmaqal yaradaraq, erməninin filmdə məsləhətçi qismində iştirakına qarşı çıxır. Sabir Rüstəmxanlı kinostudiyanın o zamankı rəhbəri Eyvaz Borçalı, filmin rejissoru Rasim İsmayılov Moskvaya müraciət edirlər. Moskva bu etirazları qəbul etmir. Amma yaradıcı heyət öz istəyinə çatır. Qınaqlardan qorxan Aslanyan bir daha çəkiliş meydançasında görünmür. Onun yalnız titrlərdə adı gedir.
***
Filmin ikinci rejissoru, milliyətcə erməni olduğu üçün bilərəkdən Həzi Aslanovun qəhrəmanlığını əks etdirən bəzi epizodları filmdə əks olunmasına mane olub. Qəhrəmanın sonda ölüm səhnəsindən tutmuş, bir çox səhnələr primitiv şəkildə dəyişilir, bəzilərini isə senzura, ümumiyyətlə, ləğv edir. Hətta iki seriya üçün çəkilməli olan film cəmi 92 dəqiqəyə sığdırılır.


O, yaralı olduğu aman həkimi, hadisənin şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor Georgi Beqişvili qeyd edir ki, yardıma gətirilən zaman Həzi Aslanov huşsuz olub. O, sağ böyrək ətrafından ağır zədə almışdı. Çoxlu qan itirən generala Beqişvili donorluq edir və onun qanını Həzi Aslanova köçürürlər:
"Bir qədər sonra general özünə gəldi. Vəziyyəti getdikcə yaxşılaşırdı. Səhəri gün artıq vəziyyəti xeyli yaxşılaşmışdı. Biz qərara gəldik ki, onu bizdən cəmi 900 metr aralıda yerləşən səhra hospitalına göndərək. İki saat müddətində biz generalı səhra hospitalına çatdırdıq".
***
Həzi Aslanov 24 yanvar 1945-ci ildə Mitava şəhəri yaxınlığında müəmmalı şəraitdə həlak olur.

Tarix: 15 avqust 2022
Baxış: 432

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş