Xəbər lenti
Reklam
Birinci sinfə qəbulda yerlər dəqiqələr içində necə tutuldu? - AÇIQLAMA

Birinci sinfə qəbul prosesində orta məktəblərdəki şagird yerlərinin dəqiqələr içərisində tutulmasına aydınlıq gətirilib.
Bu barədə Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 6 may 2022-ci ildən mektebeqebul.edu.az elektron sistemində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi, tədris digər dillərdə aparılan bölmələrə isə şifahi nitq bacarıqlarının yoxlanılması üzrə təşkil ediləcək mərkəzləşdirilmiş müsahibəyə qeydiyyat aktivləşdirilib.
Bildirilib ki, rus bölməsi üzrə müsahibədən uğurla keçmiş uşaqlar üçün ümumi təhsil müəssisələrinin seçimi 11 iyun tarixindən aktivləşdiriləcək:
"Bu halda, həmin bölmə üzrə yerlərin tutulması məsələsi aktual deyil. Azərbaycan bölməsi üzrə isə əvvəlcə 2021-2022-ci tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların təhsil aldıqları ümumi təhsil müəssisəsində 1-ci sinfə yerləşdirilməsi aparılıb. Daha sonra isə proqnozlara uyğun olaraq digər yerlər qəbul üçün açılıb”.
Qeyd edək ki, birinci sinfə qəbul prosesi narazılıqlara səbəb olmuşdu. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti mektebeqebul.ed.az portalı vasitəsilə övladlarını birinci sinfə qəbul etdirə bilmədiklərini yazıblar. İddialarda qeyd edilir ki, yerlər cəmi 2-3 dəqiqə içərisində tamamilə dolub.

Tarix: 10 may 2022
Baxış: 731

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş