Bir yerdə Bakını tərk etdilər, bir də görüşmədilər: Ölümündən 40 il keçdi...
O, əmisi oğlundan 2 yaş böyük idi. Amma ondan düz 27 il sonra dünyasını dəyişmişdi. Biri Ankarada, biri İstanbulda. Tale onların hər ikisini dünyanı dolaşdırıb Türkiyəyə gətirib çıxarmışdı. Bakının Novxanı kəndindən başlayan ömürləri məhz Türkiyədə bitmişdi - Hər iki Rəsulzadənin. Bu gün onun, Məhəmməd Əli Rəsulzadənin ölümündən 40 il keçir.
Məhəmməd Əli Rəsulzadə 1882-ci il aprelin 7-də Novxanıda anadan olmuşdu. İlk təhsilini din xadimi olan atasından almış, sonralar maarif xadimi Sultanməcid Qənizadənin rəhbərliyi ilə Bakıda açılmış rus-müsəlman məktəbində oxumuşdu. Siyasi fəaliyyətə isə əmisi oğlunun, Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaranmış Müsəlman gənclik təşkilatında başlamışdı.
1904-cü ilin axırında “Hümmət” təşkilatına ilk daxil olanlardan biri də Məhəmməd Əli Rəsulzadə idi. O, “Hümmət”in “Təkamül” və “Yoldaş” qəzetlərində inqilabi hərəkata dair məqalələrlə çıxış etmişdi.
O, Bakıda gizli şəkildə təşkil olunmuş Müsəlman Demokratik Müsavat Partiyasının təsisçilərindən idi. Partiyanın əsas orqanı olan “Açıq söz” qəzetinin müxtəlif vaxtlarda naşiri və redaktorluğunu da o edirdi.
Məhəmməd Əli Azərbaycan Parlamentinin üzv seçilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumət mətbəəsinin müdiri təyin olunmuşdu.
Aprel işğalından sonra iki ilə yaxın Moskvada Xalq Millətlər Komissarlığına tabe olan kooperativ təşkilatında işləyən Məhəmməd Əli Rəsulzadə 1922-ci ilin yayında Bakıdan İrana və oradan isə İstanbula mühacirətə getmişdi.
M.Rəsulzadə həmin dövrdə İstanbulda nəşr olunan "Yeni Qafqasya", "Azəri türk", "Odlu yurd", "Azərbaycan yurd bilgisi" və s. mətbuat orqanları ilə yaxından əməkdaşlıq etmişdi. Onun Türkiyədə Azərbaycan ədəbiyyatının təbliği sahəsindəki fəaliyyəti də diqqətəlayiqdir.
Hər iki əmioğlu Rəsulzadələr haqqında bir maraqlı fakt: Məhəmməd Əmin Rəsulzadə 1941-ci ildə yazdığı və 1951-ci ildə Türkiyədə nəşr etdirdiyi “Azərbaycan şairi Nizami” kitabının olması heç kimə sirr deyil. İş ondadır ki, onun doğma əmisi oğlu Məhəmməd Əli Rəsuloğlu da mühacirətdə yaşadığı dövrdə “Azərbaycan Yurd Bilgisi” jurnalında ilk olaraq N.Gəncəvi haqqında məqalə yazmış, onu Türkiyə ictimaiyyətinə türk olaraq təqdim etmişdi. Həmin məqalə 1934-cü ildə Ə.Cəfəroğlunun redaktorluğu ilə İstanbulda nəşr edilən “Azərbaycan Yurd Bilgisi” jurnalında çap olunmuşdu.
Hər iki əmioğlu maraqlıdır ki, eyni gündə Bakını tərk etmiş və bir daha geri qayıtmamışdılar. Məhəmməd Əmin sonradan yazacaqdı: “Məhəmməd Əli ilə birlikdə ikimiz də evə gəldik. Mənim olmadığım vaxt doğulmuş iki aylıq oğlum Azər yatırdı. Atasının öpüşündən oyanan uşaq ağlayır. Onun və digər ailə üzvlərinin və bu anda evə toplaşan yaxın qohumların üzüntüləri və xeyir-duası içində vidalaşaraq qapıda gözləyən maşına minir, vağzal yoluna çıxırıq".
1930-cu illərdə M.Ə.Rəsulzadənin nəinki ailəsi, eyni zamanda əksər qohumları da həbs edildi, sürgünə göndərildi. Bacanağı, tanınmış yazıçı Seyid Hüseynə 1937-ci ildə 10 il həbs cəzası verildi, sonradan isə güllələndi. Seyid Hüseynin həyat yoldaşı şairə Ümgülsüm xanım həbs olunaraq 8 il azadlıqdan məhrum edildi, uzaq Mordovaya göndərildi. Övladları Seyid Hüseynin bacısı qızı Səyyarə xanımın himayəsində yaşadı. M.Ə.Rəsulzadənin digər qohumunun - Məhəmməd Əli Rəsuloğlunun da ailəsinin aqibəti acınacaqlı olub. M.Ə.Rəsuloğlu özü mühacirətə getdikdən sonra həyat yoldaşı Raziyə xanımı üç övladı ilə birgə Qazaxıstana sürgünə göndərdilər.
Məhəmməd Əmin Polşada mühacirətdə yaşadığı illərdə belə əmisi ilə əlaqəsini kəsmirdi. 1932-ci il iyulun 14-də Polşadan ona yazdığı və həmkarımız Dilqəm Əhmədin üzə çıxardığı məktubda deyilirdi:
“Azizim! Ayın 2-sinden itibaren Lehistanın (Poşanın) bu şirin ve gözel mesiresinde (parkında) istirahatta ve tedavideyim. Sizlere selam. Doktorlar tam istirahat talep ettiklerinden uzun yazmıyorum. Afv et.
M.Em”.
Məhəmməd Əli 100 yaşına az qalmış dünyqsını dəyişdi - Türkiyədə, İstanbulda.
O, 1952-ci ildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında “M.Ə.Rəsuloğlu”" imzası ilə çoxlu məqaləsi dərc olunmuşdu. Onun onlarla publisistik məqalələri var ki, hələ də Azərbaycan ictimaiyyətinə məlum deyil.
Mənbə: Lent.az