Xəbər lenti
Reklam
Canavarların vurulmasına görə vətəndaşı cərimə gözləyirmi?
 
Özünümüdafiə və təsərrüfatını qorumaq məqsədilə canavarların vurulmasına görə vətəndaşı heç bir cərimə və cəza gözləmir.
Bu barədə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə mayın 3-də keçirilən mətbuat konfransında məlumat verib.
Departamentin direktoru bildirib ki, 1979-cu ildə qəbul olunan, Avropanın vəhşi təbiəti, yabanı florası və təbii yaşayış mühitinin qorunması Konvensiyası canavarların ovlanmasını qadağan edir. Azərbaycan bu Konvensiyanı 1999-cu ildə ratifikasiya edib. Bu səbəbdən də istisnalar olmaqla bir sıra vəhşi heyvanların, o cümlədən canavarların ov obyekti kimi vurulmasına icazə verilmir. Meşənin içində, canavar və digər vəhşi heyvanların təbii areallarında onları səbəbsiz olaraq əyləncə naminə öldürmək olmaz.
Vətəndaşların təhlükəsizliyi nöqteyi-nəzərindən canavarların sayının tənzimlənməsi mümkündür, lakin bu elmi əsaslarla həyata keçirilməlidir. Belə ki, əgər canavar yaşayış məntəqəsinə və ya otlaq sahələrində otlayan mal-qaraya hücum edirsə və bu hal təkrarlanaraq əhalinin təhlükəsizliyinə, kənd təsərrüfatı heyvanlarına ciddi təhdid yaradırsa, onun vurulması, sayının tənzimlənməsi mümkündür. Buna görə heç bir cərimə və ya cəza tətbiq olunmur. Çünki Azərbaycan qanunvericiliyində özünümüdafiə tədbirləri üçün xüsusi maddələr mövcuddur və kəndli yaxud, təsərrüfat sahibi yırtıcıların hücumları zamanı özünü, təsərrüfatını qorumaq hüququna malikdir.
Qeyd edək ki, vəhşi heyvanların, o cümlədən canavarların kəndlərə, insanlara hücumlarının qarşısının alınması üçün nazirlik tərəfindən bir neçə il əvvəl müvafiq regional şöbələrə göstərişlər verilib və işçi qruplar yaradılıb. Bu işçi qruplar yırtıcıların hücumu ilə bağlı müraciətlər daxil olduqda ərazilərə gedərək araşdırma aparır və mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər görürlər.
Son dövrlər bu halların daha da intensivləşməsi ilə bağlı nazirliyin əksər aidiyyəti yerli qurumlarında əməkdaşlar və peşəkar ovçulardan ibarət işçi qruplar yaradılıb. Bu qruplar insanlara təhlükə yaradan ərazilərdə yırtıcıların sayının tənzimlənməsini diqqətdə saxlayır, növbətçilik təşkil edir, əhali arasında maarifləndirmə işləri həyata keçirirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan xahiş edir ki, təsərrüfatlarında zəruri mühafizə tədbirləri görsünlər və təhlükə barədə dərhal nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər. \\Axar.az
Tarix: 03 may 2019
Baxış: 538

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş