Daxili İşlər Nazirliyi (DİN) yeni nəsil şəxsiyyət vəsiqələrinin 10 illik müddətə verilməsinə aydınlıq gətirib.
Nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsini rəisi, polis mayoru Jalə Nəsibova ONA-nın sorğusuna cavabında bildirib ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün müddətinə, şəxsiyyət vəsiqəsi 10 illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.
Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.
Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir.
Fotoşəkilə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və vəsiqəni verən yerli qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir.
Qeyd edək ki, 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.