Məhkəmə-Hüquq Şurasında "QAYNAR XƏTT" YARADILDI
Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu sahədə islahatların keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirib, məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün "yol xəritəsi” olub.
Məhkəmə-Hüquq Şurasından Gender.az-a verilən məlumata görə, fərmana əsasən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması, belə müdaxiləyə görə məsuliyyətin artırılması, eyni zamanda hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün Məhkəmə-Hüquq Şurasında "qaynar xətt”in yaradılması məsələsi qoyulub.
Həmin məsələlər üzrə Şuraya birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması məqsədilə zəruri avadanlıqla təchiz edilmiş "Qaynar xətt” əlaqə mərkəzi yaradılıb və ilkin olaraq (012) 310-22-77 nömrəli telefon xətti ilə fəaliyyətə başlayıb. "Qaynar xətt” əlaqə mərkəzinə bütün iş günlərində iş vaxtı ərzində müraciət etmək mümkün olacaq.
"Qaynar xətt" əlaqə mərkəzinə daxil olan və icraata götürülən aidiyyəti müraciətlər üzrə Məhkəmə-Hüquq Şurası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə hərtərəfli, tam və obyektiv araşdırmaların aparılması təmin ediləcək.
Tarix: 15 aprel 2019
Baxış: 534
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş