Milli Məclisdə müxtəlif ixtisas və sahələr üzrə ali təhsil alan deputatlar arasında bir neçə diplomu olanlar da var. Bəzi deputatların rəsmi bioqrafiyalarında iki, üç, hətta beş ayrı ali təhsil göstəricisi yer alır.
Gender. az Metbuat.az-a istinadla xəbər verir ki, Milli Məclisin rəsmi internet səhifəsində deputatların təhsili ilə bağlı yayımlanan məlumatlar arasında ən çox ali təhsil göstəricisi Şahin Seyidzadənin profilində qeyd olunub.
Fotoda: deputat Şahin Seyidzadə
Şahin Seyidzadə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində 1999-cu ildə bakalavr, 2001-ci ildə isə magistr təhsili alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində, Mançester Universitetində və Sosial və iqtisadi elmlər üzrə Moskva ali məktəbində təhsil aldığı göstərilir. Rəsmi profildə onun ümumilikdə beş dəfə ali təhsil aldığına dair məlumatlar var.
Bir neçə ali təhsil alan deputatlardan biri də Kamran Bayramovdur. O, Bakı Dövlət Universitetində 1999-cu ildə bakalavr, 2011-ci ildə magistr təhsili alıb. Bayramov 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da magistr təhsili alıb.
Fotoda: deputat Kamran Bayramov
Qaya Məmmədovun rəsmi bioqrafiyasında isə üç ali təhsilə sahib olduğu qeyd edilib. O, 1999-cu ildə Bakı Dövlət Universitetinin bakalavr, 2001-ci ildə magistr pilləsini bitirib. 2014-cü ildə isə ABŞ-ın Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbində magistr təhsili alıb.
Fotoda: deputat Qaya Məmmədov
Deputat Könül Nurullayevanın təhsil məlumatlarında da üç pillə göstərilir. O, Azərbaycan Dillər Universitetində 2007-ci ildə bakalavr, 2009-cu ildə magistr təhsili alıb.
Fotoda: deputat Könül Nurullayeva
K.Nurullayeva 2021-ci ildə isə İsveçrənin Biznes Universitetində MBA proqramı üzrə təhsil alıb.