“Erkən nikahın hələ də cəmiyyətin müəyyən hissəsində normal qəbul edilməsi artıq sadəcə məlumatsızlıq deyil, ciddi düşüncə problemidir. Uşağın gələcəyini əlindən alıb bunu ailə dəyəri, ənənə və ya “övladın yaxşılığı” adı ilə təqdim etmək nə valideynlikdir, nə də sağlam düşüncə. Övlad heç kimin mülkü deyil. Valideyn uşağın həyatını istədiyi kimi müəyyənləşdirə bilməz. Uşağın yerinə qərar vermək, onun seçim hüququnu əlindən almaq və hazır olmadığı bir məsuliyyətə məcbur etmək birbaşa onun şəxsiyyətinə müdaxilədir. Bu, qanunla qadağan olunan əməldir. Valideyn belə bir addıma görə həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyır”.
Gender.az bildirir ki, bu fikirləri klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Konkret.az-a açıqlamasında səsləndirib.
Psixoloq bildirib ki, bəzi valideynlər övladını erkən evləndirməklə müəyyən problemin həll olunduğunu düşünürlər:
“Əslində isə onlar öz məsuliyyətlərini uşağın çiyninə yükləyirlər. Övladın təhsilini, inkişafını, arzularını və gələcək imkanlarını bir qərarla məhdudlaşdırırlar. Sonra da bunun adını “ailə qurmaq” qoyurlar. Ən acınacaqlısı isə cəmiyyətin bir hissəsinin buna etiraz etmək əvəzinə müxtəlif bəhanələrə sığınmasıdır. Uşağın hüququndan danışmaq əvəzinə “bizdə belədir”, “elə də pis deyil”, “hamı belə edir” kimi arqumentlərin arxasında gizlənmək sosial düşüncəsizliyin göstəricisidir. Bir davranışın illərdir mövcud olması onu nə doğru, nə də normal edir”.
Rövşən Nəcəfov vurğulayıb ki, qanunvericiliyin erkən nikahın qarşısının alınmasına yönəlməsi təsadüfi deyil:
“Qanun uşağın hüquqlarını, təhlükəsizliyini və gələcəyini qorumaq üçün mövcuddur. Qanuna hörmət etməmək isə yalnız hüquqi məsuliyyət məsələsi deyil, eyni zamanda cəmiyyət qarşısında məsuliyyətsizlikdir.
Biz uşaqların gələcəyini qorumaq əvəzinə onları böyüklərin yanlış qərarlarının nəticəsinə çevirməməliyik. Uşağın həyatını onun yerinə yaşamaq olmaz. Onun gələcəyini əlindən alıb sonra bunu sevgi və qayğı adı ilə izah etmək ən təhlükəli özünüaldatmalardan biridir. Cəmiyyət bunu nə qədər tez qəbul etsə, bir o qədər yaxşıdır. Uşaq evləndirilmək üçün yox, böyümək, təhsil almaq, özünü tanımaq və gələcəyini özü seçmək üçün dünyaya gəlir”.
Aynurə İsmayıl