“Əgər Ermənistan suveren olmaq istəyirsə, diasporun barmaq işarəsi ilə oturub-dura bilməz"Ermənistan höküməti ürəyi Rusiya ilə döyünən bütün qüvvələrdən uzaqlaşmağa başlayıb. Baş nazir Nikol Paşinyanın bu dəfəki hədəfi xaricdəki erməni diasporudur. Uzun illər Ermənistan xarici siyasətinin əsas sütunlarından sayılan diaspor şəbəkəsi artıq İrəvan üçün düşmən cəbhəsinə çevrilib. Baş nazir bildirib ki, xaricdəki erməni diasporu Ermənistanın yolgösətərəni ola bilməz.
Onun sözlərinə görə, İrəvan diaspor təşkilatları ilə əlaqələri yalnız dövlətin strateji yanaşması və milli maraqları çərçivəsində davam etdirmək niyyətindədir. Paşinyan xaricdəki diaspor qurumlarını Ermənistanın milli maraqlarını deyil, öz şəxsi və ideoloji mənafelərini güdməkdə ittiham edib. Qeyd edək ki, erməni diaspor və lobbi təşkilatları illərlə Azərbaycana qarşı siyasi, iqtisadi, eləcə də media müstəvisində təxribatçı və qərəzli mövqe nümayiş etdiriblər.
Mövzu ilə bağlı politoloq Natiq Miri Sherg.az-a bildirib ki, bütün dünyaya səpələnmiş erməni diasporu hər zaman erməni qanından bəhrələnib:
“Diasporun əsas ideoloji xətti millətçi, şovinist və xəstə təxəyyüllü "Daşnaksutyun"un proqramıdır. Ona görə də harada diaspor varsa, orada "Daşnaksutyun" mövcuddur. Təsadüfi deyil ki, hazırda Ermənistanda fəaliyyətini davam etdirən "Daşnaksutyun"un başlıca maliyyə dayaqlarını məhz xaricdəki erməni lobbisi və diaspor təşkilatları formalaşdırır. Erməni lobbisi "Daşnaksutyun"la birlikdə qondarma, yalançı "erməni soyqırımı"nı sənayeyə çevirib. Bu da diaspora bir tərəfdən böyük maliyyə, digər tərəfdən isə siyasi kapitallar qazandırıb. Məhz bu amil uzun illər boyu Ermənistandakı bütün hakimiyyətlərin idarə edilməsində əsas vasitəyə çevrilib. Ermənistanın suverenliyi ilə diasporun siyasəti bir-birinə daban-dabana ziddiyyət təşkil edir. Çünki “Daşnaksütun” partiyasının və erməni lobbisinin radikal ideologiyası ilə Ermənistanın dayanıqlı inkişafı mümkün deyil. Xüsusilə də qonşu dövlətlərə ərazi iddiaları irəli sürən bir ölkə üçün. Ermənistan bu iddiaları sürdürmək naminə hər zaman böyük güclərdən asılı olmaq məcburiyyətində qalıb. Ona görə də heç vaxt tam müstəqil və suveren dövlətə çevrilə bilməyib”.
Politoloqun sözlərinə görə, Paşinyan “Real Ermənistan” ideologiyası əsasında, “IV Ermənistan Respublikası”nın - daha müstəqil dövlətin qurulması təşəbbüsü ilə çıxış edir:
“Əgər Ermənistan suveren olmaq istəyirsə, diasporun barmaq işarəsi ilə oturub-dura bilməz. Məhz buna görə, Paşinyan diasporun yolgöstərici ola bilməyəcəyini bəyan edib. Ermənistan yalnız Paşinyan hökümətinin idarəçiliyi əsasında müstəqil və suveren ola bilər. Nikolun iddiaları həqiqətə söykənir. Fransa, ABŞ və Rusiyadakı erməni lobbi dairələri Paşinyanın prinsipial mövqeyinə görə hazırkı hökumətə açıq-aşkar düşmən kimi baxırlar. Çünki radikal diaspor İrəvanın suveren siyasəti ilə barışmaq istəmir”.
N.Miri onu da qeyd edib ki, İrəvanın müstəqil dövlətə çevrilməsi diaspordan gələn ianələrdən tam imtina etməsindən keçir:
“Ermənistanın bundan əvvəlki bütün hakimiyyətləri birbaşa lobbi şəbəkəsinin girovu olublar. Onlar diaspordan gələn vasitələrlə həm İrəvandakı rejimi ayaqda saxlayır, həm də vaxtilə Qarabağdakı terrorçu-separatçı ünsürləri maliyyələşdirirdilər. Burada sadə bir prinsip özünü göstərir: "Pulu kim verirsə, musiqini də o sifariş edir". Deməli, diasporun ianələrini alaraq, müstəqil siyasət yürütmək imkansızdır. Ona görə Paşinyan diasporun yardımından birmənalı olaraq imtina edir. Bu isə İrəvanın bundan sonra qəbul edəcəyi bütün strateji qərarlarda Ermənistanın milli maraqlarını rəhbər tutacağını göstərir. Milli maraqlar öndə olduqda xarici təsirlər ikinci dərəcəli sıraya keçir. Doğrudur, bu kursdan narazı qalan qüvvələr çoxdur. Xaricdəki lobbi şəbəkəsi, İrəvanı uzun illər asılılıqda saxlayan Moskva və Fransa başda olmaqla Avropa İttifaqındakı müəyyən dairələr bu mövqedən razı deyillər. Lakin müstəqil dövlət qurmağın bundan başqa yolu yoxdur".