“Şəfiqə Məmmədova atam haqda danışmadı, həmin qızı kobudluqla qapıdan qovdu”-“Cəbiş müəllim”-in qızı - ÖZƏL
“Şəfiqə xanımın xasiyyəti ağırdır. Atam danışırdı ki, kinoya çəkiləndə çox kaprizlər edirdi, heç kimə yovuşmazdı, ünsiyyət qurmazdı. Sonra mən atam haqda müsahibələr əsasında bir kitab yazmağa başladım. Bir jurnalist qız var idi, ondan xahiş etdim ki, bəzi sənətkarlardan müsahibə alsın. Ona bir siyahı verdim. Siyahıda Rasim Balayev, Flora Kərimova, Siyavuş Aslan və s. sənətkarların adı var idi. Xanım jurnalist hamıdan müsahibə almışdı. Hamı da canla-başla atam haqda danışmışdı. Amma Şəfiqə xanım yox.. Ondan müsahibə almaq istəyən qızı qapıdan elə kobudluqla qovmuşdu ki.. Qız pərt olmuşdu.. Mən sonradan həmin siyahıda Şəfiqə Məmmədovanın adını yazdığıma görə peşman oldum”
Gender.Az bildirir ki, bunu Medianews.az-a açıqlamasında görkəmli aktyor, “Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllim obrazını oynayan Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova deyib.
“Şəfiqə xanımın qəribəlikləri çoxdur. Müsahibə vermək istəmirdisə sadəcə mədəni formada deyərdi ki, vaxtım yoxdur, o halda deyiləm. Bunu normal şəkildə demək olardı da.. Mənim atam çox mülayim insan idi. Hər kəsi yola verirdi. Xoşlamırdı ki, dava olsun, intriqa yaransın. Necə filmdədir, elə də həyatda olub. Amma Şəfiqə Məmmədova çox kaprizli insandır. Yazıq Həsən Seyidbəyli onun əlindən o kinonu çəkib qurtarana qədər nələr çəkib..! Atam danışırdı hamısını.. Şəfiqə xanımın xasiyyətinə görə onunla heç kim ünsiyyət qurmur. AZDRAMA-nın ondan da böyük aktrisaları olub. Hökümə Qurbanova, Leyla Bədirbəyli və s. Atam onlarla yaxın dost olub. Onlar o qədər mehriban, səmimi, mülayim xanımlar idilər ki.. Yeri gələndə Şəfiqə Məmmədovadan da böyük aktrisalar olublar”.
Sevil Ələsgərova atasının filmdəki yataq səhnəsindən imtina etdiyini də bildirib:
“Bəli, belə bir hal yaşanmışdı. Bilirsiniz ki, filmdə belə bir səhnə var ki, Cəbiş müəllim üzünü qırxanda arvadı yataqdan durur və onu qucaqlayır. Bu o dövr üçün açıq-saçıq səhnə sayılırdı. Əslində isə bu səhnə belə olmalı idi ki, onların hər ikisi yataqda uzanıb söhbət etməli idilər. Atam buna etiraz edir. Birincisi ona görə ki, anam bu səhnəni xoş qarşılamazdı. İkincisi də ona görə ki, Cəbiş müəllim cəmiyyətə nümunə olan müəllimdir. Müəllim necə yataqda uzana bilər? Ona görə də atam etiraz edir və Həsən Seyidbəylidən bu səhnənin dəyişdirilməsini istəyir. Həsən Seyidbəyli də atamla razılaşır”.
Əli Əsgər