Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında istədiyi nəticəni əldə edə bilməyən bəzi abituriyentlər üçün xaricdə təhsil alternativ seçim kimi təqdim olunur. "Az balla xaricdə universitetə qəbul" elanları hər il minlərlə abituriyent və valideynin diqqətini çəkir.
Bəs bu vədlərin arxasında nə dayanır?
Təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev Redaktor.az-a bildirdi ki, xaricdə təhsil almaq iki formatda həyata keçirilir:
"Bunlardan biri dövlət xətti ilə, yəni dövlət proqramı çərçivəsindədir. Bu, təbii ki, müəyyən şərtlər əsasında həyata keçirilir. Digər tərəfdən isə xaricdə təhsil attestatla qəbul vasitəsilə mümkündür. Bu halda, Azərbaycanda yüksək bal toplamasalar belə, abituriyentlərin xaricdə təhsil almaları mümkündür. Sadəcə, "az bal" ifadəsi ilə daha çox insan cəlb etmək məqsədi güdülür".
Onun sözlərinə görə, ümumiyyətlə, xaricdə bir çox universitetlər xarici vətəndaşları attestat əsasında qəbul edirlər:
"Bu zaman, təbii ki, həm təhsil haqqı, həm də universitetə qəbul ilə bağlı xərclər olur və bunlar valideynlər tərəfindən ödənilir. Digər tərəfdən, qeyd etmək istərdim ki, həmin diplomların tanınması istiqamətində valideynlər mütləq şəkildə əvvəlcə universitetləri araşdırmalı, yalnız bundan sonra qərar verməlidirlər. Bu məsələ eyni zamanda hərbi xidmətdən yayınma halları ilə də əlaqələndirilərək qiymətləndirilməyə başlanıb.
Düşünürəm ki, valideynlər belə addımlar atarkən övladları ilə birlikdə məsələni hərtərəfli araşdırmalı və yalnız bundan sonra qərar vermələri tövsiyə olunur".
Xədicə BAXIŞLI