Bildiyimiz kimi, apteklərdə eyni tərkibə malik dərmanların qiymətləri fərqli olur.
Bəs bu dərmanlar arasında keyfiyyət baxımından hər hansı fərq varmı? Qiymət fərqi onların effektivliyinə təsir edirmi?
Əczaçı Vüqar Qasımov Redaktor.az-a açıqlamasında bildirdi ki, eyni tərkibli dərmanların qiymətlərinin fərqli olmasının əsasən iki səbəbi var:
"Birinci səbəb dərmanın brend və ya generik olması ilə bağlıdır. Brend dərmanlar müəyyən əczaçılıq şirkətləri tərəfindən hazırlanıb bazara çıxarılır və adətən daha yüksək qiymətə satılır. Patent müddəti başa çatdıqdan sonra isə digər şirkətlər həmin tərkibdən istifadə edərək dərmanı fərqli ticarət adı ilə istehsal edir və daha münasib qiymətə təqdim edirlər. İkinci səbəb isə istehsalçı ölkə amilidir. Postsovet ölkələri, İran, Hindistan, Pakistan və Çində istehsal olunan dərmanlar, bir qayda olaraq, Avropa ölkələri və Türkiyədə istehsal edilən analoji preparatlardan daha ucuz olur. Lakin bu, ucuz dərmanların keyfiyyətinin aşağı olması demək deyil. Qiymət fərqi əsasən həmin ölkələrdə vergilərin, əməkhaqlarının və istehsal xərclərinin daha aşağı olması ilə əlaqədardır. Buna görə də dərmanın qiyməti onun keyfiyyətini hər zaman əks etdirmir".
Müsahibimizin fikrincə, dərmanların təsirinin az olması dərmanın özü ilə yox, müalicənin düzgün təyin olunmaması və xəstə tərəfindən düzgün qəbul olunmaması ilə bağlıdır:
"Bir də ki, həkimlər bir çox hallarda dərman yox, bioloji fəallığa malik qida əlavələri təyin edirlər. Bu qrup preparatlar isə müalicə üçün istifadə oluna bilməz".
Xədicə BAXIŞLI