Xəbər lenti
Reklam
Razılaşma pozulsa, müharibə başlayacaq – qorxulu proqnoz

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında imzalanması planlaşdırılan anlaşma memorandumunun yekun razılaşma olmadığını bildirib və sənədin şərtlərindən narazı qalacağı təqdirdə İrana qarşı hərbi əməliyyatların bərpa oluna biləcəyini istisna etməyib.
Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov Redaktor.az-a açıqlamasında bildirdi ki, sənədin mətnindən də göründüyü kimi, 60 gün müddətində danışıqlar davam edəcək və açıq qalan məsələlər üzrə razılıq əldə olunmağa çalışılacaq:
"Əsas məsələ İranın əlində olan zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlıdır. Bu məsələdə tərəflər arasında fikir ayrılığı mövcuddur. Razılaşma əldə edilmədiyi halda hərbi əməliyyatların başlanması istisna edilmir.
Bu məqsədlə ABŞ İsrailin Ben-Qurion hava limanı ərazisində yerləşdirdiyi yanacaq dolduran təyyarələri, yəni uzaq məsafəli döyüş təyyarələrini havada yanacaqla təmin edən tanker təyyarələri İsrailin ucqar bölgələrinə yerləşdirib. Bu addım mülki aviasiya üçün məhdudiyyətlərin yaranmaması ilə izah olunur. Yəni həmin texnika regiondan çıxarılmayıb, İsraildə saxlanılır.


Bununla yanaşı, İsrailin Livana hücumlarının davam etməsi də razılaşmanın pozulmasına səbəb ola bilər. Lakin hesab edirəm ki, İran bu prosesi nəticəyə çatdırmaqda maraqlı olduğu üçün daha təmkinli davranacaq. Əks halda, vəziyyət müharibənin yenidən başlamasına gətirib çıxara bilər.
Hazırda əsas məsələ sənədin 60 gün ərzində nəticəyə varmasıdır. Burada tərəflərin həm vaxt qazanmaq üçün taktiki addımlar atması, həm də səmimi şəkildə sülhə çalışması ehtimalı var. Məncə, bu 60 gün həlledici olacaq və böyük ehtimalla nəticə əldə ediləcək".

Aytəkin TOFİQQIZI

Tarix: 17 iyun 2026
Baxış: 22

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş