Azərbaycanda qadın sığınacaqlarının sayı artırıla bilər.
Gender.Az bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf İnformasiya Agentliyi və "Azad Azərbaycan" Televiziyasına verdiyi müsahibədə deyib.
Komitə sədri bildirib ki, aidiyyəti dövlət qurumlarının planlarında bölgələri əhatə edəcək yeni mərkəzlərin açılmasını nəzərdə tutulub. Bu prosesin yalnız dövlət xətti ilə məhdudlaşmamalı olduğu vurğulayan Bahar Muradova əlavə edib ki, beynəlxalq təcrübədə qeyri-hökumət təşkilatları, sosial fondlar və ictimai təşəbbüslər bu cür sığınacaqların yaradılmasında və idarə olunmasında fəal iştirak edirlər.
"Biz də yerli QHT-lərin və icmaların bu prosesə daha çox töhfə verməsini arzulayırıq".
Sığınacaqlarda göstərilən xidmətlərin keyfiyyət standartlarına uyğunluğunun vacibliyinə diqqət çəkən Bahar Muradova Dövlət Komitəsinin belə mərkəzlərin fəaliyyət meyarlarının müəyyənləşdirilməsi üzərində işlədiyini qeyd edib.
"Hesab edirəm ki, sığınacaq fəaliyyəti üçün lisenziyası olan qurumlarda monitorinq və auditlər aparılmalıdır".