Xəbər verdiyimiz kimi, iyunun 11-də Milli Məclisdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmə keçirilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Dövlət Proqramının əsas istiqamətlərindən biri torpaq ehtiyatlarının səmərəli istifadəsidir. Bu məqsədlə kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması və torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Qeyd olunub ki, bu sahədə qanunvericilik dəyişiklikləri ilə hüquqi və institusional baza yaradılacaq, torpaqların birləşdirilməsi və səmərəli istifadəsi təmin ediləcək.
Maraqlıdır, torpaqların birləşdirilməsi dedikdə əhalinin mülkiyyətində olan pay torpaqları onların əlindən alınacaq?
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev Redaktor.Az-a açıqlamasında bildirdi ki, pay torpaqlarının birləşdirilməsi məsələsi ilə bağlı cəmiyyətdə müəyyən narahatlıqlar var və bu, başadüşüləndir:
"Lakin qeyd etmək istəyirəm ki, pay torpaqları əhalidən alınmayacaq və vətəndaşların mülkiyyət hüquqları qorunacaq. Dünən keçirilən ictimai dinləmədə də bu məsələ ətrafında geniş müzakirələr apardıq. Torpaq konsolidasiyası dedikdə məqsəd torpaqların əlindən alınması yox, əksinə, bir fermerə məxsus müxtəlif yerlərdə səpələnmiş torpaq sahələrinin daha səmərəli idarə olunması üçün bir məkanda cəmləşdirilməsidir.
Bu gün elə fermerlər var ki, onların pay torpaqları onlarla fərqli sahədə yerləşir. Bu isə həm vaxt itkisinə, həm də məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Konsolidasiya prosesi qarşılıqlı razılaşmalar, müzakirələr və torpaq sahələrinin dəyişdirilməsi yolu ilə həyata keçiriləcək".
Millət vəkili vurğuladı ki, bu, uzunmüddətli və mərhələli bir prosesdir, qısa zamanda başa çatması mümkün deyil:
"Lakin düzgün yanaşma ilə həm fermerlərin işini asanlaşdıracaq, həm də kənd təsərrüfatında səmərəliliyin artmasına ciddi töhfə verəcək".
Aytəkin TOFİQQIZI