Xəbər lenti
Reklam
İnsanlar mal əti ala bilmir deyə toyuğa tələbat artıb — AÇIQLAMA

Azərbaycanda qida istehlakı vərdişlərində son illərdə nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Xüsusilə broyler ətinə olan tələbatın artması həm əhalinin qidalanma seçimləri, həm də bazardakı qiymət dinamikası ilə əlaqələndirilir. Mütəxəssislər bildirirlər ki, toyuq əti daha münasib qiymətə təklif edilməsi və nisbətən az yağlı qida hesab olunması səbəbindən istehlakçılar tərəfindən daha çox seçilir. Statistik göstəricilər də bu məhsula marağın ildən-ilə artdığını göstərir.

Mövzu ilə bağlı "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli Demokrat.az-a açıqlamasında bildirib ki, ölkədə broyler ətinin istehlakı son illərdə əhəmiyyətli dərəcədə yüksəlib.

Onun sözlərinə görə, son on il ərzində bazarda tələbat demək olar ki, iki dəfəyə yaxın artıb.

"2016-cı ildə ölkənin illik broyler ətinə tələbatı 100–110 min ton idisə, hazırda bu rəqəm 180 min tonun üzərindədir. Bu, istehlak bazarında ciddi artımın olduğunu göstərir və əhalinin qidalanma strukturunda toyuq ətinin payının getdikcə yüksəldiyini təsdiqləyir".

Mürvət Həsənli qeyd edib ki, hazırda Azərbaycanda adambaşına düşən illik toyuq əti istehlakı təxminən 18-19 kiloqram təşkil edir.

"Bunun əsas səbəblərindən biri toyuq ətinin nisbətən sağlam və az yağlı olmasıdır. İnsanlar qidalanma zamanı daha yüngül və faydalı hesab etdikləri məhsullara üstünlük verməyə başlayıblar. Eyni zamanda qiymət baxımından daha əlçatan olması da istehlaka birbaşa təsir göstərən amillərdəndir".

Ekspert bildirib ki, son illərdə qırmızı ətin qiymətində müşahidə olunan artım da istehlakçıların seçimlərinə təsir göstərib.

"Qırmızı ətin bahalaşması toyuq ətinə tələbatı artıran əsas amillərdən biridir. Bir çox ailələr büdcələrinə uyğun olaraq daha sərfəli alternativlərə üstünlük verirlər və bu baxımdan broyler əti daha çox seçilir".

Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycanda toyuq əti istehlakı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlsə də, beynəlxalq göstəricilərlə müqayisədə hələ də aşağı səviyyədədir.

"2000-ci illərin əvvəllərində Azərbaycanda illik istehlak 60–70 min ton civarında idi və adambaşına düşən istehlak 6–7 kiloqram təşkil edirdi. Hazırda isə bu göstərici 18–20 kiloqram aralığındadır. Bu artım ölkədə qidalanma vərdişlərinin dəyişdiyini və toyuq ətinə marağın yüksəldiyini göstərir".

Ekspert beynəlxalq müqayisələrə də diqqət çəkib. Onun sözlərinə görə, bir sıra ölkələrdə toyuq əti istehlakı Azərbaycandakı göstəricilərdən xeyli yüksəkdir.

"Türkiyədə adambaşına illik toyuq əti istehlakı 26 kiloqram, Rusiyada 38 kiloqram, Avropada orta hesabla 45 kiloqram təşkil edir. Birləşmiş Ərəb Əmirliklərində bu göstərici təxminən 60 kiloqramdır. Küveytdə
isə adambaşına illik istehlak 65 kiloqramla ən yüksək səviyyələrdən birinə çatır. Amerika Birləşmiş Ştatlarında 58 kiloqram, İsraildə isə 60 kiloqram civarında toyuq əti istehlak edilir".

Mürvət Həsənli hesab edir ki, mövcud tendensiya nəzərə alındıqda Azərbaycanda da yaxın illərdə toyuq əti istehlakının artımı davam edə bilər.

"Bu göstəricilər nəzərə alındıqda Azərbaycanda da gələcəkdə artımın davam edəcəyi ehtimal olunur. Həm əhalinin sayının artması, həm də qidalanma seçimlərinin dəyişməsi bazarda tələbatın yüksəlməsinə təsir göstərə bilər".

Görünür, qiymət əlçatanlığı, yüksək zülal tərkibi və qidalanma baxımından üstünlükləri səbəbindən broyler əti yaxın illərdə də Azərbaycan istehlak bazarında ən çox tələb olunan məhsullardan biri olaraq qalacaq.

Əfsanə Kamal
Tarix: 11 iyun 2026
Baxış: 21

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş