“Nəzərinizə çatdırım ki, bu il ali təhsil müəssisələrinə müraciət edənlərin sayı ötən illə müqayisədə demək olar ki, rekord həddə çatıb. Ümumilikdə 134 min müraciət qeydə alınıb. Onlardan 97 mindən çoxu birinci cəhddə I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak edəcəyini təsdiqləmişdi. Hazırda isə 71 min 913 nəfər ikinci cəhddə iştirakını təsdiqləyib”.
Gender.az bildirir ki, bu fikirləri Redaktor.Az-a elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi ali məktəblərə qəbul üçün ikinci cəhd blok imtahanlarından danışarkən bildirdi.
“Məlum olduğu kimi, ikinci cəhd imtahanları 5 iyul tarixində II və III ixtisas qrupları, 12 iyul tarixində isə I və IV ixtisas qrupları üzrə keçiriləcək. İştirakçıların sayını mövcud plan yerləri ilə müqayisə etdikdə görürük ki, ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin təxminən 50 faizi müsabiqədən kənarda qala bilər”, - o dedi.
Müsahibimizin fikrincə, riskli qruplar sırasında ilk növbədə I ixtisas qrupu qeyd oluna bilər:
“Çünki mövcud plan yerləri ilə müqayisədə burada 14 mindən çox abituriyent müsabiqədən kənarda qalır. Sonrakı yerdə II ixtisas qrupu gəlir. Bu qrupda da plan yerləri ilə müqayisədə təxminən 14 min nəfərlik fərq yaranır. Daha sonra III ixtisas qrupu, ardınca isə IV ixtisas qrupu gəlir. Bununla belə, hər il olduğu kimi, ən kritik vəziyyət yenə də III ixtisas qrupunda müşahidə olunur. Bu il isə II ixtisas qrupu da müəyyən mənada həmin risk zonasına yaxınlaşıb. Hər iki qrup üzrə rəqabət kifayət qədər yüksəkdir. Qeyd edim ki, bu il plan yerlərinin sayında müəyyən artım gözlənilir. Lakin bu, kəskin artım deyil - təxminən 1-2 min civarında əlavə plan yerinin ayrılması nəzərdə tutulur. Bu isə ümumilikdə təxminən 62 min nəfərin tələbə adını qazanması deməkdir”.
Elçin Əfəndi vurğuladı ki, abituriyentlər bu mərhələyə ciddi şəkildə hazırlaşmalıdırlar.
“Çünki nəticələrin yaxşılaşdırılması onların ali məktəbə qəbul şanslarını əhəmiyyətli dərəcədə artıracaq. İstənilən halda, daha yüksək bal toplamaq tələbə olmaq arzusunun reallaşmasına mühüm töhfə verəcək”.
Xədicə BAXIŞLI