Bu əraziyə giriş QADAĞAN EDİLDİ - İyunun 1-dən...
Türkiyənin Çanaqqala vilayətində artan meşə yanğını riski səbəbilə yeni qərar qəbul edilib.
Gender.Az xəbər verir ki, valiliyin açıqlamasına görə, 1 iyun tarixindən etibarən vilayət ərazisindəki bütün meşəlik sahələrə girişlər qadağan olunub.
Qərara əsasən, qadağa 30 sentyabr tarixinə qədər qüvvədə olacaq. Bu müddət ərzində yalnız rəsmi vəzifəli şəxslərin və meşə təsərrüfatı ilə bağlı fəaliyyət göstərən əməkdaşların əraziyə girişinə icazə veriləcək.
Çanaqqala Valiliyi bildirib ki, yüksək temperatur, aşağı rütubət və güclü külək səbəbilə yay aylarında meşə yanğını riski ciddi şəkildə artır. Bu səbəbdən əlavə təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac yaranıb.
Qadağa çərçivəsində meşələrdə piknik etmək, tonqal və manqal qalamaq, kamp qurmaq, təbiət yürüşləri keçirmək, meşəlik ərazilərə nəqliyyat vasitəsi ilə daxil olmaq tamamilə qadağan edilib.
Rəsmilər vətəndaşlardan hər hansı tüstü və ya yanğın əlaməti gördükləri halda dərhal 112 Təcili Yardım və ya 177 Meşə Yanğın Xəttinə məlumat vermələrini istəyiblər.
Son illərdə yay aylarında Türkiyənin müxtəlif bölgələrində baş verən böyük meşə yanğınlarından sonra bir çox vilayətdə oxşar qadağalar tətbiq olunur./Sfera.az /