Bakının 5 küçəsində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılır, piyadaların ixtiyarına verilir.
Gender.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qurumun yaydığı məlumata görə, Nəqliyyatı Əlaqələndirmə Şurası Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edib.
Yaxın günlərdə bu məkanlarda dünya təcrübəsinə əsaslanan layihənin icrasına başlanılacaq.
Hazırda avtomobil sıxlığının mərkəzində olan bu ərazilərdə 19–20-ci əsrlərə aid tarixi tikililər yerləşir. Səkilərin dar, piyada axınının isə çox olması səbəbindən sakinlərin və turistlərin hərəkəti çətinləşirdi. Bütün bunları nəzərə alaraq, populyar məkanların tamamilə avtomobilsiz zonaya çevrilməsi nəzərdə tutulur.
Layihə sayəsində İçərişəhərdən kənarda, Bakının mərkəzində yerləşən piyada zonalarının ümumi uzunluğu ciddi şəkildə artacaq. Beləliklə, Xaqani bağı və Fəvvarələr meydanından Qış parkına və Mərkəzi parka uzanan iki müstəqil piyada marşrutu formalaşacaq.
Sürücülər üçün parklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrə köçürüləcək və əlavə yerlər təşkil ediləcək. Operativ və kommunal xidmət avtomobillərinin isə bu küçələrə daxil olması üçün xüsusi şərait yaradılacaq.
Xatırladaq ki, bundan əvvəl Fəvvarələr meydanı və Qış Parkını birləşdirən İslam Səfərli küçəsi piyadalaşdırılıb.