Xəbər lenti
Reklam
Tələbələrə ŞAD XƏBƏR: Diplomlarınızı daha tez ala biləcəksiniz

Azərbaycanda ali və orta təhsil pillələrini başa vuran məzunlara diplomların təqdim olunması adətən payız aylarına, xüsusilə oktyabr ayına təsadüf edir. Lakin son illər təhsil sistemində aparılan rəqəmsallaşdırma islahatları bu prosesin daha operativ və çevik təşkilinə zəmin yaradır. Elektron diplomların tətbiqi həm vaxt itkisinin qarşısını almaq, həm də sənədlərə çıxışı asanlaşdırmaq baxımından yeni imkanlar vəd edir.
Bəs rəqəmsallaşdırma diplomların təqdim olunma müddətini həqiqətən qısalda biləcəkmi?
Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, elektron diplom sisteminin tətbiqi sənədlərin daha erkən əlçatan olmasına imkan yaradır.

Təhsil eksperti Elçin Əfəndi: “Evdə hazırlamaq üçün verilən çoxsaylı  tapşırıq şagirdlərin erkən yaşda repetitora ehtiyacın artırmağa yarayır”

“Eyni zamanda bu addım ekoloji balansın qorunmasına da xidmət edir. Dünyanın əksər ölkələrində artıq rəqəmsal diplomların verilməsinə başlanılıb.
Azərbaycanda da cari ildən etibarən həm tam orta ümumtəhsil müəssisələrində təqdim olunan dövlət sənədləri, həm də ali təhsil müəssisələrinin diplomları elektron formatda veriləcək. Bu isə sənədlərin təqdim edilmə müddətinin xeyli qısalmasına səbəb olacaq”.
Elçin Əfəndinin sözlərinə görə, rəqəmsal diplom sistemi vətəndaşların müxtəlif qurumlara müraciəti zamanı da prosesi asanlaşdıracaq:
“Artıq vətəndaşın təhsil məlumatları vahid elektron portal üzərindən əlçatan olacaq. Hansı təhsili aldığı, hansı universiteti bitirdiyi və akademik göstəriciləri ilə bağlı məlumatlar sistemdə əksini tapacaq. İşəgötürən tərəf də bu məlumatları müvafiq texnoloji vasitələrlə daha operativ şəkildə əldə edəcək”.
Ekspert hesab edir ki, bütün bu yeniliklər həm vətəndaşlar üçün əlavə rahatlıq yaradacaq, həm də diplomların hazırlanması və təqdim olunması prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Aynurə İsmayıl
Tarix: 06 may 2026
Baxış: 18

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş