"Müasir dövr insanının əsas problemlərindən biri məhz budur: ən bahalı yemək, ən brend geyim, ən son model telefon, kreditlər, borclar".
Gender.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial şəbəkəsindəki canlı yayım zamanı bildirdi.
Millət vəkilinin fikrincə, insan çalışmalıdır ki, mümkün qədər sadə həyat yaşasın:
"Biz qəribə bir mərhələyə gəlib çıxmışıq. O dövrdə insanlar nə qədər çətinlik çəkirdilər, nə qədər ağır şəraitdə yaşayırdılar. İndi isə baxın, biz hansı vəziyyətdəyik. O zaman insanlar günlərlə su və xurma ilə dolanırdılar. Bu gün isə səhər oyanan insanın süfrəsində bir neçə çeşid yemək olur və yenə də deyir: “Hər gün eyni yeməyi yemək olar?” Halbuki dünyada insanlar var ki, çörək tapmırlar, su tapmırlar. Afrikadakı uşaqların hansı ağır şəraitdə yaşadıqlarını görürük. Ona görə də şükür etmək, əlindəkinin qədrini bilmək çox önəmlidir. İnsanların on evi olur, yenə gözü doymur. On maşını olur, yenə də kifayət etmir. Unutmamalıyıq ki, bu dünyadan heç nəyi özümüzlə aparmayacağıq. O halda bu bitməyən yarış nəyə lazımdır? Bahalı telefon alır, hər şeyi kreditə götürür, sonra hər ayın sonunda gərginlik yaşayır: ödəyə biləcək, ya yox? Birindən borc alır, birini aldadır. Halbuki hər şey insanın real imkanı ilə ölçülməlidir".