Türkiyə turizminə yeni nəfəs qatan 6 turistik məkan - Bəziləri yenidən bərpa olub
Türkiyənin dörd bir yanında – Batman’dan Edirnəyə, Ankara’dan Orduya qədər – bərpa edilən tarixi abidələr, təbiət parkları və yeni kəşf edilən antik şəhərlər qapılarını ziyarətçilərin üzünə yenidən açıb. Bu yazıda turizmə qazandırılan ən diqqətçəkən 6 məkanı sizinlə paylaşırıq.:
1. Malabadi Təbiət Parkı: Batman’da təbiətlə iç-içə sakit bir məkan
Batman’ın Kozluk rayonunda 1000 hektar sahədə salınan Malabadi Təbiət Parkı təbiətsevərlər üçün yeni və sakit bir marşrut təklif edir. Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə yerli idarəetmə orqanlarının əməkdaşlığı ilə açılan park, mənzərəli mühiti və geniş piknik sahələri ilə istirahət etmək istəyənlər üçün ideal bir məkandır. Ailəvi gəzintilər, yürüşlər və ya sadəcə mənzərədən həzz almaq üçün mükəmməl bir seçimdir.
2. Erzen Antik Şəhərindəki Balıqlı Göl: Tarixlə təmasda sakit bir gözəllik
Batman’ın Kozluk rayonundakı Oyukdaş kəndinin Yeşilyurt qəsəbəsində yerləşən 3 min illik Balıqlı Göl, bərpa işlərindən sonra yenidən ziyarətçiləri qəbul etməyə başlayıb. Erzen Antik Şəhərinin ərazisində yerləşən bu mistik göl, həm tarix həvəskarlarını, həm də fotoqrafları cəlb edir. Sakitliyi ilə insanı valeh edən bu göl, gizli bir təbiət və tarix xəzinəsidir.
3. Trakya’nın daş məzarları: 3500 illik daşların izi ilə səyahət
Edirnə və Kırklareli kəndlərində yerləşən və tarixi 3500 il əvvələ gedib çıxan dolmen və menhirlər (daş məzarlar) Trakya bölgəsinin indiyədək az tanınan yeni mədəni irs marşrutu olmağa iddialıdır. Edirnədə 60, Kırklarelidə isə 40 ədədi olan bu daş məzar abidələri tarixdən əvvəlki dövrün izlərini daşıyır. İstanbul Bələdçilər Palatasının təşəbbüsü ilə burada yeni bir turizm marşrutu yaradılması planlaşdırılır. Bu daş abidələr Trakya’nın qədim tarixinə açılan qapılar kimidir.
4. Roma Teatrı və Ulus Arxeopark: Paytaxtda antik səyahət
Ankara’nın mərkəzində yerləşən Roma Teatrı və Arxeoparkı bərpa işləri başa çatdıqdan sonra tarixsevərləri yenidən özünə cəlb edir. Ankara Böyükşəhər Bələdiyyəsinin həyata keçirdiyi layihə nəticəsində orijinal daşları sərgilənən bu antik teatr, müasir gəzinti yolları və işıqlandırma sistemləri ilə zənginləşdirilib. Ulus Arxeoparkı paytaxtda tarix və memarlığın kəsişdiyi unikal bir mədəniyyət təcrübəsi təqdim edir.
5. "Anadolunun Alkatrazı" ziyarətə açıldı: Sinop Tarixi Həbsxanası və Muzeyi
Sinopun simvollarından olan Tarixi Həbsxana uzun müddət davam edən bərpa işlərindən sonra yenidən qapılarını açıb. 13 min kvadratmetrlik ərazidə yerləşən bu tikili təkcə həbsxana deyil, həm də Sabahattin Ali də daxil olmaqla bir çox ədəbiyyatçının iz qoyduğu bir mədəni yaddaş məkanıdır. Mədəniyyət və Turizm Nazirliyi və AB-nin dəstəyi ilə yenilənən bu tikili, öz qaranlıq keçmişi və təsirli atmosferi ilə ziyarətçilərə dərin bir səyahət vəd edir.
6. Ünye Qalası: Qara dənizin zirvəsində tarixlə görüş
Ordunun Ünye rayonunda, sıldırım qayaların üzərində inşa edilən 2500 illik Ünye Qalası bərpa işləri başa çatdıqdan sonra ziyarətçiləri qəbul etməyə başlayıb. Pontus kralı VI. Mitridates dövrünə aid bu təsirli qalaya artıq taxta pilləkənlər vasitəsilə daha asanlıqla çıxmaq mümkündür. Qalaya quraşdırılan xüsusi dəmiryol sistemi sayəsində daxili keçidlərə enmək mümkündür. Mənzərə terasları, müşahidə nöqtələri və ictimai sahələri ilə Ünye Qalası həm tarix, həm də təbiət həvəskarları üçün bənzərsiz bir təcrübə təqdim edir.
Beləcə, bu ərazilərə baş çəkməklə siz qədim tarixə də səfər etmiş olarsınız.
Mətanət İmanquliyeva,
Gender.Az