5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır — AÇIQLAMA
"Son illər blogerlik fəaliyyəti Azərbaycanda geniş yayılıb. Blogerlər əvvəlcə sosial şəbəkədə izləyici kütləsi toplayır, sonra isə müxtəlif məhsul və xidmətlərin reklamını edərək gəlir əldə edirlər".
Gender.Az bildirir ki, bunu Demokrat.az-a açıqlamasında vergi eksperti Anar Bayramov deyib.
O, bildirib ki, təsadüfi tövsiyə və ya dəvət əsasında edilən təqdimatlar reklam sayılmır:
"Lakin mütəmadi olaraq məhsul tanıtmaq və qarşılığında gəlir qazanmaq sahibkarlıq və reklam fəaliyyəti hesab olunur.
Qanunvericiliyə görə, sahibkarlıq fəaliyyəti gəlir əldə etmək məqsədi daşıyan istənilən fəaliyyətdir və blogerlər də bu kateqoriyaya daxildir".
Ekspert bildirib ki, blogerlər üçün xüsusi vergi dərəcəsi yoxdur:
"Onlar sadələşdirilmiş (2%) vergi ödəyə bilməz, xərclər çıxıldıqdan sonra mənfəətdən 20% gəlir vergisi ödəməlidirlər. İllik dövriyyə 200 min manatdan çox olduqda 18% ƏDV də tətbiq olunur. 200 min manatdan az dövriyyəsi olanlar mikro sahibkar sayılır və ən azı 3 işçi olduqda 75% vergi güzəşti əldə edə bilərlər".
Onun sözlərinə görə, bəzi blogerlər yüksək gəlir və dəbdəbəli həyat tərzi ilə seçilir:
"Qanunvericilik xərclər metoduna əsasən gəlirlərin hesablanmasına imkan verir: xərclər nə qədərdirsə, gəlir də azı həmin məbləğdə olmalıdır. Bu isə vergilərin şəffaf ödənilməsinin vacibliyini göstərir".
Qeyd edək ki, son günlər blogerlər yenidən yüksək reklam qiymətləri ilə gündəmə gəliblər. Məşhur blogerlərin sosial media hesabında reklam qiymətləri paylaşım yerindən asılı olaraq 1 000–5 000 manat arasında dəyişir. Bu da onların vergi məsələlərində müzakirələrə səbəb olub.
Əfsanə Kamal