Avqustun 13-ü saat 13:00 radələrində Şamaxı Rayon ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 9 nəfər 4 nəfər (kişi cinsli) və 5 nəfər (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Gender.Az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, tibb müəssisəsində yaralılara bel və döş fəqərələrinin kompression sınıqları, sol bazu sümüyünün sadə və çoxqəlpəli sınıqları, bel, sol çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumalarda hematoma və üz nahiyəsində çoxsaylı səthi sıyrıntılar diaqnozu təyin edilib.
"Zəruri tibbi yardım göstərildikdən sonra 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü şəxs (qadın cinsli) ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna təxliyə olunub. Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir", - məlumatda qeyd edilib.