Redaktor seçimi
    Yeni Klinikanın direktoru orqanlarını bağışladı
Xəbər lenti
Reklam
Avtobusda qadın sürücülər: “Nəqliyyatı daha etibarlı və cəlbedici edəcək”

Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə yeni təlim proqramına başlanılıb. 
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi fəaliyyətə başlamaq üçün nəzəri və praktiki hazırlıq keçirlər. “BakuBus” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirib ki, layihəyə 15-dən çox qadın sürücü namizəd müraciət edib, görüşlər nəticəsində 5 namizəd proqramın tələblərinə uyğun seçilib. 
Seçilmiş xanımlar “D” kateqoriyalı sürücülük vəsiqəsi üçün kurslara yönləndirilib və 4 avqustdan nəzəri və praktiki təlimlərə başlayıblar. Təlimləri uğurla başa vuran xanımlar “BakuBus”da mentor sürücülərin dəstəyi ilə marşrut xətlərində işləyəcək və rəsmi olaraq sürücü kimi işə qəbul olunacaqlar. Bəs, qadın sürücülərin peşəkar təlim proqramlarına cəlb olunmasının nəqliyyat sektoruna və sərnişinlərin xidmət keyfiyyətinə təsirləri nələr olacaq? 
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qadınların ictimai nəqliyyatda sürücü peşəsində çalışması Azərbaycanda olub: 
“Burada qeyri-adi bir şey yoxdur. Qadınların ictimai nəqliyyatda sürücü peşəsində çalışması praktikası Azərbaycanda əvvəllər də olub və hal-hazırda da var. İctimai nəqliyyatda qadın sürücülər tramvaylarda, bəzi vaxtlarda avtobuslarda, Sovet dövründə isə trolleybuslarda çalışıblar. Bu praktika hal-hazırda taksi sürücülərində mövcuddur və davam edir”. 
Nəqliyyat eksperti qeyd edib ki, bunun olması tamamilə normaldır: 
“Sadəcə olaraq indi isə bu sahədə çalışmaq istəyən digər qadınlar üçün şərait yaradılıb ki, bu da tamamilə normaldır. Çünki sürücülük peşəsində cinsiyyət rol oynamır, həm qadın, həm də kişi bu peşənin sahibi ola bilər. İctimai nəqliyyatda qadınların sayının artması normaldır və müsbətdir. 
İctimai nəqliyyatda qadınların olması həm sürücülərə etibarı, güvəni artırar, həm də vətəndaşlar üçün ictimai nəqliyyatı daha cəlbedici edər”. 

Əfsanə Rəcəb 

Tarix: 13 avqust 2025
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş