Xarici vətəndaşlar ev almaq üçün Azərbaycanda hansı ərazilərə üstünlük verirlər?
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2024-cü ildə xarici ölkə vətəndaşlarının əldə etdikləri daşınmaz əmlakların 197-si fərdi yaşayış və bağ evi, 214-ü isə mənzil olub.
Azərbaycanda mülk almağa ən çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Qazaxıstan vətəndaşları maraq göstərirlər. Mütəxəssislər isə deyirlər ki, əcnəbilər daha çox dənizkənarı ərazilərdə əmlak almağa üstünlük verirlər.
"Onlara dənizimiz, şəhərimizin mərkəzi daha maraqlı gəlir. Bu şəxslər əsasən Ağ Şəhər, Səməd Vurğun küçəsində olan mənzillərə, Mərdəkan ərazisində yerləşən bağ evlərinə üstünlük verirlər. Onların əksəriyyəti Bakıda ailə həyatı qurduğu üçün ev alırlar. Lakin iş məqsədilə paytaxta gələrək burada ev alan əcnəbilər də az deyil", - deyə əmlakçı Tural Əfəndi bildirib.
Həmçinin hesab olunur ki, xarici ölkə vətəndaşları Azərbaycanda evi müvəqqəti yaşamağa icazə məqsədilə alırlar. Bununla belə, əcnəbilərin 2024-cü ildə Azərbaycanda aldıqları evlərin sayı əvvəlki illə müqayisədə azalıb.
Belə ki, 2024-cü ildə xarici ölkə vətəndaşları tərəfindən əldə olunmuş cəmi 824 əmlakın mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Halbuki 2023-cü ilin təkcə birinci yarısında bu göstərici 909 olub. \\Baku.tv