Xəbər lenti
Reklam
Daha bir ərazi piyadalaşdırılır — AÇIQLAMA

Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsində – İçərişəhərdə və Əziz Əliyev küçəsində təklif edilən layihənin icrasına başlanılacaq. İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinə qədər avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələri yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur. İçərişəhərə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişə Neftçilər prospektindən icazə veriləcək. Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır. 

Layihəni dəyərləndirən nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında deyib ki, bu, şəhər üçün önəmli addımdır:

“Şəhər böyüyür, amma mərkəzdə istirahət zonası çox məhdud ərazini əhatə edir. Fəvvarələr meydanı, Nizami küçəsi, sonradan Xaqani bağının ətrafını piyadalaşdırdılar. Bu, müsbət addımdır. Oxşar addımlar indi də İçərişəhərdə və Qoşa Qala qapıları ətrafında atılır. Diqqət etsək, görərik ki, bu ərazilər şəhərdə sakinlərin daha çox piyada gəzdiyi, istirahət üçün üz tutduğu yerlərdir. Piyadaların rahat gəzməsi üçün şərait yaradılır. Sürət həddi azaldılır, avtomobillərin hərəkəti məhdudlaşdırılır. Düşünürəm ki, bu işlər bulvar istiqamətində mikromobillik vasitələrinin və piyadaların rahat keçidini təmin edəcək”.

Törə Zeynallı
Tarix: 25 oktyabr 2024
Baxış: 53

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş