"Alkaqollu içkilərin həddindən artıq bahalaşması bazara saxta və ev şəraitində hazırlanmış içkilərin çıxarılmasına səbəb olacaq".
Gender.Az bildirir ki, unu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, insanlar görəndə ki, bu məhsullar bahadır, artıq özləri ev şəraitində istehlakları üçün daha çox spirtli içkilər istehsal etməyə başlayırlar:
"Bu da insan sağlamlığına ciddi ziyan vurur. Hökumət alkoqollu içkilər və tütün məmulatları ilə bağlı qiymət və vergi artımını daha çox sağlam həyat tərzinin təşviqi kimi təqdim edir. Yəni təşviq olunur ki, insanlar imtina etsinlər, daha sağlam həyat tərzinə keçsinlər. Amma əskinə, qiymət baha olanda daha çox ev şəraitində hazırlanan məhsullar bazara çıxır. Nəticədə insanların sağlamlığına daha çox ziyan dəyir. Bu məsələdə belə yanaşmanı nəzərdə saxlamaq mütləqdir. Yəni qiymətin bahalaşması hesabına sağlam həyat tərzinə keçmək mümkün deyil".
Natiq Cəfərli alkoqollu içkilərlə bağlı Azərbaycanda tez-tez eksperimentlərin həyata keçirildiyini vurğulayıb:
"Yəni aksiz markaları tez-tez qaldırılır və bu da daha baha içkilərin bazara çıxamasına səbəb olur. İndi də içkilərlə bağlı minimum qiymət siyasəti tətbiq olunmasına çalışılır. Bir çox ölkələrdə, həmçinin MDB ölkələrində də belə bir yanaşma var. Bəzi başqa Avropa ölkələrində də müəyyən siyasət həyata keçirilir. Məsələn, Finlandiyada da belə bir yanaşma mövcuddur".
Bahar Rüstəmli