Dünya Bankı Azərbaycanda 2024-cü il üçün illik inflyasiya proqnozuna yenidən baxaraq aprel ayına olan 3 %-dən 4,2 %-ə yüksəldib.
Gender.az xəbər verir ki, bu barədə Report DB-nin hesabatına istinadən bildirib.
Yenilənmiş hesabata əsasən, 2025-ci il üçün proqnoz 3,5 %-dən 3,4 %-ə, 2026-cı il üçün isə 4 %-dən 3 %-ə endirilib.
Hesabatda qeyd olunub ki, iyun ayında yanacağın bahalaşması ilə əlaqədar ilin ikinci yarısında müəyyən sürətlənməyə baxmayaraq, bu il inflyasiya Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf göstəricisi həddində qalacaq. Ortamüddətli perspektivdə güclü xarici təzyiqlərin olmayacağı şəraitdə daxili tələbin yavaşlaması fonunda orta illik inflyasiya təxminən 3,2 % (əvvəlki gözlənti 2,2 % olub) səviyyəsində proqnozlaşdırılır.
Dünya Bankı həmçinin əlavə qeyri-müəyyənlik yaradan və xammal qiymətlərinin artmasına təsir edə bilən geosiyasi gərginliyin davam etdiyini bildirir.
2023-cü ildə illik inflyasiya AMB-nin hədəf diapazonunun aşağı həddinə (4% ± 2%) yaxınlaşaraq 2,1 % təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 1,5 % təşkil edib. Eyni zamanda, qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri orta hesabla 0,4 %, qeyri-qida mallarının qiymətləri 1,4 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,3 % artıb.
AMB iyul ayında verdiyi açıqlamada baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5,4 %, 2025-ci ildə isə 5,5 % olacağını proqnozlaşdırdığını bildirib. Proqnozlara yenidən baxılması manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Mərkəzi Bank tənzimlənən qiymətlərdə artımın inflyasiyaya təsirini 1,5 faiz bəndi səviyyəsində qiymətləndirir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.