Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Rusiyanın İrandakı vətəndaşlarına xəbərdarlığı nəyə işarədir? - Vəziyyət ciddiləşir

"Bir sıra ölkələrin, o cümlədən Rusiyanın İrandakı vətəndaşlarına ehtiyatlı olmaqla bağlı xəbərdarlığı yaxın zamanlarda İsrailin cənub qonşumuza cavab zərbələri endirəcəyinə işarədir”.
Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Moskvanın İrandakı vətəndaşlarına İsrailin mümkün hücumu ilə bağlı ehtiyatlı olmaq barədə xəbərdarlığının nədən xəbər verdiyini şərh edərkən deyib. 
Politoloq qeyd edir ki, İsrailin İrana gözlənilən cavab zərbələri dünyada enerji böhranı yarada bilər: 
"İsrailin İrana gözlənilən cavab hücumu təbii olaraq bir çox ölkələrin öz vətəndaşlarına xəbərdarlıq etməsi ilə nəticələnib. Bu fonda Rusiya da analoji addım atıb. İsrailin İranın nüvə obyektlərinə və neft bazalarına hücum ediləcəyi iddia edilir. Hansı ki, bu obyektlərə hücumun ciddi nəticələrinin olacağı qaçılmazdır. Məsələ ondadır ki, İran nefti əsasən Çin və Hindistan tərəfindən alınır. Bu zaman həmin ölkələrdə yaranan neft çatışmazlığı onların iqtisadiyyatına zərbə vuracaq. Bu zərbə isə özünü bütün dünyada məhsulların qiymətinin bahalaşmasında göstərəcək. Belə vəziyyət eyni zamanda, neftin qiymətinin artmasına da səbəb olacaq. 


Neftin qiymətinin bahalaşması eyni zamanda Avropa və Amerika üçün ciddi problemlər yaradacaq. İranda bu kimi hadisələr baş verdikdə istər-istəməz Hörmüz boğazından keçən neft tankerlərinin hərəkəti də məhdudlaşacaq. Dünya neft tranzitinin 40%-nin Hörmüz boğazından keçməsini və bu boğazdan əsasən ərəb ölkələrinin neftinin keçdiyini nəzərə alsaq, onda dünyada enerji böhranının yaranması da qaçılmaz olacaq. Bu isə dünya iqtisadiyyatının iflic olması demək olacaq”. 
Bu dediklərinə əsasən həmsöhbətimiz hesab edir ki, İsrail İranın nüvə obyektləri və neft bazalarına zərbə endirməkdən çəkinəcək:
"Nüvə obyektlərinə də zərbə endirmək ehtimalı azdır. Çünki İranın bir neçə gün öncə yeraltı nüvə sınağı keçirdiyi ehtimalına görə, belə bir addımın atılması olduqca təhlükəlidir”. 
Əvəzində, ekspert düşünür ki, İsrailin zərbələri sadəcə olaraq hərbi obyektlərə yönələcək: 
"Hesab edirəm ki, İsrailin İranın hərbi obyektlərinə, komanda mərkəzlərinə zərbə vuracağı ehtimalı böyükdür. Amma bu zərbələrin nəticəsi elə də ciddi olmayacaq”.
Qeyd edək ki, İranın İsrailə raket hücumlarının  ardınca qarşı tərəf də cavab zərbələri endirəcəyini bəyan edib. Bu fonda indi əksər analitiklər İsrailin İranın hansı obyektlərinə zərbələr endirəcəyini proqnozlaşdırırlar. Bəziləri hətta iddia edir ki, İsrail İranın neft bazaları və nüvə obyektlərinə zərbələr endirə bilər. Yaranmış gərgin vəziyyətdə bir sıra dövlətlər öz vətəndaşlarına İranda getməmək, oranı tərk etməklə bağlı xəbərdarlıqlar edir. Bu isə İsrailin cavab zərbəsinin daha kəskin və dağıdıcı olacağını düşünməyə müəyyən əsaslar verir. 

Rüfət Sultan

Tarix: 11 oktyabr 2024
Baxış: 35

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş