Qarabağ qazisi, Çeçenistanın ilk fəxri vətəndaşı və Millət Qəhrəmanı sağlamlığını torpaq və ölkə uğrunda qəhrəmanlıq şücaiəti ilə qurban vermiş Arif Məhərrəmov Qəhrəmanlıq dastanı yazan Pəncəli Teymurovun böyüyüb boya-başa çatdığı evində qonaq olub. Həkimlər Arif Məhərrəmova səhhəti ilə əlaqədar uzaq yerlərə qonaq getməsini məsləhət bilməsə də, o buna əhəmiyyət vermir. O növbəti doğum gününü də şəhid ailələrinin evində olmaqla qeyd edib. Arif Məhərrəmov çətinlik bahasına olsa belə, ölkəmizin ən ucqar rayonlarından olan Astaraya şəhid ailələrini baş çəkməyə gedib.
2016-cı il Aprel döyüşlərinin qəhrəmanlarından biri erməni hərbçilərini lərzəyə gətirən, düşmən əsgərlərinin yuxularının ərşə çəkilməsinə səbəb olan gizir Pəncəli Teymurovdur. Yazdığı tarixlə xalqın qəhrəmanlıq simvoluna dönən Astaranın igid oğlu Pəncəli hərbi xidmətdə olan zaman Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat qrupuna yazılaraq, Bakıda gizir məktəbini bitirib. Daha sonra isə Türkiyənin Xüsusi Kəşfiyyat məktəblərində təlim keçib. Vətənə canı, qanı ilə bağlı olan Pəncəli Teymurov öz toyunda şəhid olmaq arzusundan danışıb.
O, Aprel döyüşlərinin ilk günündə döyüş yoldaşları ilə birgə ermənilərin bir neçə canlı qüvvəsini və texnikasını məhv edib. Komandiri ilə birgə şəhadətə ucalan Pəncəlinin nəşi aprelin 10-da doğulduğu kəndə gətirilib.
Pəncəli Teymurovun xatirəsini əbədiləşdirmək üçün şəhidin şəxsi əşyaları qorunan ev muzeyi yaradılıb. Arif Məhərrəmov Xüsusi Təyinatlı Qüvvələrin əfsanəsi Pəncəli Teymurovun ev-muzeyini ziyarət edib. Anası Vahimə Teymurova ilə görüşərək həmsöhbət olub.
Arif Məhərrəmov Pəncəlinin anası Vahimə Teymurova ilə birgə şəhidin məzarına baş çəkib. Şəhidin abidəsi önünə əklillər və gül dəstələri qoyulub.
Qarabağ qazisi Arif Məhərrəmov şəhidin anasına təsəlli verərək, şəhidliyindən illər keçməsinə baxmayaraq oğlunun qəhrəmanlığının dillər əzbəri olmasından söz açıb, ruhuna dualar oxuyub.
Pəncəlinin anası Vahimə Teymurova şəhid Pəncəlinin şəxsi əşyasını xatirə olaraq Arif Məhərrəmova bağışlayıb. Sonda xatirə şəkilləri çəkdirilib.
Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Göy Xəzərin sahilində yerləşən, yaşıllıqlarla əhatələnən Astara doğma şəhid övladlarını öz qoynuna almışdı. Adları əbədi, xatirələri əziz olan o oğullar Vətənimizi bütövləşdirərək, tarixi ədaləti bərpa etdilər.
Arif Məhərrəmov daha sonra şəhid Orxan Babayevin və şəhid Rövşən Ramazanovun ailələrinə baş çəkərək onlarla həmsöhbət olub.
Arif Məhərrəmovun sözlərinə sözlərinə görə, gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir.
Gender.Az