Naxçıvan Muxtar Respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi general mayor Səxavət Salmanov təqaüdü ilə bağlı məhkəməyə şikayət edib.
Gender.Az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, 2019-cu ildən təqaüdə çıxan general aldığı müavinətin az olduğunu qeyd edib.
Sabiq rəis 2019-cu ildən bəri aldığı təqaüdün düzgün hesablanmadığını iddia edir. Buna görə də o, 32 min 407 manatın əskik olduğunu irəli sürərək, həmin məbləğin ona verilməsini tələb edir.
O, bununla bağlı ilk olaraq Bakı İnzibati Məhkəməsinə üz tutub. Lakin burada Səxavət Salmanovun iddiası təmin edilməyib. Belə olduqda keçmiş rəis birinci instansiya məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.
Məhkəmənin ilk iclası noyabrın 7-də keçiriləcək.
Qeyd edək ki, Salmanov Səxavət İbrahim oğlu 2019-cu il yanvarın 21-də Naxçıvan Muxtar Respublika Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun imzaladığı fərmanla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. 2015-ci ildə ona general-mayor ali hərbi rütbəsi verilib.