Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılmasından sonra bazarlarda qiymətlərin tənzimlənməsi ilə bağlı gözləntilər var. Bu xüsusda antiinhisar siyasəti ilə istehlak bazarında vəziyyətin tənzimlənməsi ilə məşğul olmalı olan qurum təbii olaraq qiymətlərin sabitləşməsinə və mümkün olan hallarda qiymətlərin endirilməsinə uyğun olaraq müvafiq işlər görməlidir.
Gender.az xəbər verir ki, bunu Teleqraf.com-a iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
O qeyd edib ki, süni olaraq qiymətləri artıranlara qarşı yeni yaradılan qurumun təsir etmək üçün geniş səlahiyyətləri olmalıdır:
"Effektiv fəaliyyət forması qurularsa, bu istiqamətlər üzrə müsbət dəyişikliklər gözlənilə bilər. Çünki bu gün istehsalçı qiyməti ilə satış bazarlarındakı qiymətlər arasında kəskin fərqlər var".
Ekspert hesab edir ki, qiymətləri süni şəkildə artırmaq yolverilməzdir:
"Pərakəndə satış bazarlarında məhsulun qiymətinin istehsalçıdan alınandan dəfələrlə artıq olması müvafiq istiqamətə cavabdeh olan qurumun fəaliyyətindəki boşluqlarla bağlıdır. Antiinhisar siyasəti effektiv şəkildə aparılarsa, istehlak bazarındakı durum tənzimlənərsə, bu cür hallar yaşanmaz".
Elşad Məmmədova görə, maksimum şəkildə istehsalçı qiymətləri ilə son satış bazarlarındakı qiymətlər arasında mütənasibliyə nail olmaq lazımdır:
"Bunun üçün antiinhisar tədbirləri daha da sərtləşdirilməlidir. Digər tərəfdən antiinhisar siyasəti ilə bağlı müvafiq qararlar verilməlidir. Eyni zamanda bu sahəyə cavabdeh olan qurumun (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi) fəaliyyəti təmin olunmalıdır".