Sentyabr ayında Azərbaycanda "Formula-1" yarışları, noyabrda isə COP29 tədbiri keçiriləcək. Bununla bağlı ölkəyə minlərlə qonaq, turist gələcək. Hökumət bunları nəzərə alıb quru sərhədlərin açılmasına dair qərar verə bilərmi?
Gender.Az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, beynəlxalq tədbirlərin quru sərhədlərin bağlı, ya da açıq olması ilə əlaqəsi yoxdur.
"Bu yarışı seyr etmək üçün Bakıya bəlkə 100-ə yaxın özəl təyyarə gəlir. COP29 isə dövlətlərin iştirakı ilə keçirilən tədbirdir. Hökumət nümayəndə heyətləri də daha çox çarter reysləri ilə gələcək. Diqqət yetirdinizsə, tədbir zamanı daha çox insanların gündəlik əmək fəaliyyəti ya qısaldılır, ya da distant rejimə keçirilir".
İ.Şaban sərhədlərin bağlı qalmasının daha çox təhlükəsizliklə bağlı olduğunu düşünür:
"Ehtiyac yoxdur ki, sərhədi açıb, daha çox insanın gəlişi ilə tədbirlər zamanı təhlükəsizlik məsələlərini çətinləşdirək. Sərhədi açaraq tədbir keçirilən yerlər ətrafında hərəkəti çıxılmaz vəziyyətə salmaq lazım deyil".