"Azərbaycanda 5 min iş yeri açmaqla heç nəyə nail olmaq olmaz. Yarım milyondan çox işsiz var, onun 900 nəfərinin işlə təmin olunması nədir ki?".
Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli azad edilmiş ərazilərdə bu ilin birinci yarısında 840 yeni iş yerinin yaradılmasından danışarkən deyib. İqtisadçı bildirib ki, Azərbaycanda işsizliyə qarşı mübarizəyə töhfə vermək üçün ilk növbədə köklü problemlər həllini tapmalıdır.
"Əsas məsələ bu problemləri həll etməkdir. Birincisi, inhisarçılığı aradan qaldırılmalıdır. İkincisi, əmlaka, mülkiyyətə real zəmanət verilməlidir. Kağız üzərindəki zəmanətdən söhbət getmir. Rəqabət mühiti formalaşmalıdır. Sahibkarlıq fəaliyyətinə başlamaq istəyən istəlinən iş adamının qarşısındakı bütün maneələr aradan qaldırılmalıdır. Ölkədə qanunun aliliyi təmin olunmalıdır, məhkəmə müstəqil olmalıdır. Bunlar hamısı birlikdə iqtisadi azadlıqlar adlanır".
Onun sözlərinə görə, bu iqtisadi azadlıqlar təmin edilsə, Azərbaycanda bir nəfər də işsiz qalmaz:
"İnanın ki, bir nəfəri yalvara-yalvara 5 yerdə işlədərlər. Azərbaycanda iş qurmaq üçün həm potensial, həm də təbii sərvət və işgüzar insanlar var. Ölkədə iqtisadi azadlıqlar təmin edilməlidir. Təbii olaraq özəl sektor, yeni iş yerləri yaratmalıdır. Dövlət büdcəsi hesabına iş yeri yaratmaq mümkün deyil. Bu mümkündür, ancaq məhdud formada olacaq".
Akif Nəsirlinin fikirincə, 840 yeni iş yerlərinin açılması Azərbaycan iqtisadi arenası üçün dəryada bir damladır:
"Azərbaycanda hazırda yüz minlərlə iş axtaran əhali var. Qarabağda dövlət büdcəsi hesabına həyata keçirilən işlərdə çalışan 900 nəfərin işlə təmin olunması heç nəyi dəyişmir. Bütün bu iş yerləri dövlət büdcəsindən maliyyələşdirilən tikinti-quruculuq və bərpa işlərində çalışan əməkçilərin hesabına yaradılır. Ona görə də mən hesab etmirəm ki, bu Azərbaycanda hazırda mövcud olan işsizliyə hər hansı töfvədir".
Qeyd edək ki, azad edilmiş ərazilərdə bu ilin birinci yarısında 840 yeni iş yeri yaradılıb. Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artıb. Belə ki, 2023-cü ilin I yarımilində işğaldan azad edilmiş rayonlarda 593 yeni iş yerləri yaradılıb.
Bahar Rüstəmli