Milyonlarla insana təsir edən qərar: bundan sonra iş saatları...
Türkiyədə 30 milyondan çox işçiyə birbaşa aidiyyəti olan Türkiyə Əmək Qanununda yeni dəyişikliklər olacaq.
Bu çərçivədə maaşlar, iş saatları, həftəlik və illik məzuniyyət kimi bir çox mövzuda yeni tənzimləmələr ediləcək.
Bu məsələ ötən həftə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçirilən İnvestisiya Mühitinin Yaxşılaşdırılması Koordinasiya Şurasında da (YOİKK) müzakirə edilib.
İclasda uzaqdan, yarımştat, müvəqqəti və platforma kimi yeni nəsil çevik iş modelləri ilə bağlı dəyişikliklərin iş dünyasının tələbləri və iş-özəl həyat balansı nəzərə alınmaqla müəyyən edilməsi qərara alınıb.
Məsələ Beynəlxalq Əmək Təşkilatının (BƏT) iclasında da gündəmə gətiriləcək. Bu çərçivədə iş saatlarına yeni düzəlişlərin ediləcəyi gözlənilir. Bildirilir ki, 45 və bəzi peşə qruplarında olan 48 saatlıq iş saatı 40 saata endirilə bilər.
“Hazırlanacaq qaydalara işçilərin ixtisaslarının artırılması ilə bağlı yeni müddəalar daxil ediləcək. Sosial məsuliyyət layihələri həyata keçirən bir çox müəssisə var. Öz işçilərinə maaş vermir, ya da az maaş verir. Burada disbalans var, bu, həll edilməlidir", - mövzu ilə bağlı hökumət mənbələri bildirib.
Sabiq əmək və sosial müdafiə naziri Vedat Bilgin "İş həyatımızı modernləşdirməli və iş saatlarını yenidən təşkil etməliyik" deyib. Müxalifət də ötən il Türkiyə Böyük Millət Məclisinə iş vaxtının həftədə 37,5 saata endirilməsi ilə bağlı qanun layihəsi təqdim edib. \\Publika.az