“İctimai nəqliyyatda qiymətlər artdıqdan sonra onlarla insan güzəşt edilməsi ilə bağlı mənə müraciət edib”.
Bu sözləri deputat Razi Nurullayev ARB telekanalına müsahibəsində deyib.
O, sosial şəbəkələr üzərindən araşdırmalar apardığını bildirib.
Sitat: “Dünyanın bir çox ölkələrində tələbələr, həssas təbəqə və yaşlı insanlar üçün güzəştlər nəzərdə tutulur. Elə qonşu Türkiyədə də bu praktikadan geniş istifadə olunur. Mənə elə gəlir ki, bu gün Azərbaycanda həssas təbəqələrdən biri yaşlı insanlar, ikincisi də tələbələrdir. Ona görə də, tələbələrə 50 faiz güzəşt, yaşlılara üçün isə pulsuz nəqliyyatdan istifadə etmə imkanları yaradılmalıdır. Hamımız bilirik ki, yaşlı insanların qayğıya ciddi ehtiyacı var”.
Mövzunu şərh edən deputat Vahid Əhmədov həmkarının fikirləri ilə razı olduğunu bildirib:
“Avtobus və metroda gedişhaqqı artırıldıqdan sonra güzəşt məsələsi gündəmə gəldi. Əslində, dünya təcrübəsində də bu var. Bazar iqtisadiyyatı sistemində belə məsələlər bir o qədər də müsbət qəbul olunmur. Əlbəttə, mən də istərdim ki, tələbələr, yaşlı insanlar üçün müəyyən vəsiqələr verilsin ki, onlar da nəqliyyatdan pulsuz istifadə edə bilsinlər. Məsələyə müsbət yanaşıram. Amma bunu etmək üçün mütləq mənbə göstərilməlidir. İkincisi də hesablama aparılmalıdır ki, bunun üçün nə qədər vəsait tələb olunduğu dəqiq bilinsin”.
Deputat Milli Məclisdə mütəmadi olaraq belə sualların qaldırıldığını vurğulayıb:
“Xüsusilə də qiymət artımı olanda bu məsələlərə toxunulur. Əlbəttə, camaatın içində oluruq, insanlarla görüşürük və onların sosial vəziyyətinin necə olduğundan xəbərdarıq. Bu güzəşt tələbələr üçün çox vacibdir. Razi Nurullayevin təklifini müəyyən qədər qəbul olunan təkliflər sırasına daxil etmək olar. Amma ilk növbədə mənbə göstərilməlidir. Həm də hesablama aparılmalıdır ki, nə qədər vəsait tələb olunur və bunu ödəmək mümkündür, yoxsa yox. Bu işlər belə həll olunur. Birdən-birə bizim deməyimizlə nəsə düzəlmir. Fikir verin, bu gün 180 minə yaxın müharibə iştirakçısı var, onlar da 80 manat təqaüd alırlar. Təklif edirik ki, heç olmasa onların təqaüdü 2 dəfə artırılsın. Hələlik bu məsələni həll edə bilmirik. Ona görə də, burada mənbə nəzərə alınmalıdır”. \\ Globalinfo.az