“Ya Əli!”, “Ya Hüseyn!” demək günahların ən böyüyüdür” – İlahiyyatçı
“Allah-Təala insanı yalnız özünə ibadət etmək üçün yaradıb. Bəzi insanlar Allahı yaxşı tanımadıqları üçün müxtəlif üsullara əl atırlar. Biz hamımız bir Allah bəndəsi kimi bu dünyada yaşayırıq. Vətənimizdə insanlar tez-tez halal və haram sözlərini eşidirlər. Halal nədir, niyə halaldır? Haram nədir, niyə haramdır? Bəzi insanlar bu terminlərin mahiyyətinə vara bilmirlər”. Bu fikirləri “Yeni Sabah”a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov qeyd edib. O bildirib ki, bəzi insanlar halal və haram sözlərini düzgün dərk etmir, bunların nə olduğunu başa düşmürlər: “Halal və haram anlayışı Allaha inanmaqdan sonra olur. Allaha inanmağın əsasını belə bilmədən halalın və haramın nə olduğunu dərk etmək bizim üçün çətin ola bilər. Buna görə əvvəlcə Allaha inanmağın halal və haram tərəflərini açıqlamaq istəyirəm. Haram toxunulmaz, qadağan mənalarına gəlir. Allaha inanmaqda belə insan harama düşə bilir. Yəni, insan Allaha inancında da sərhədləri aşa bilir. Hər bir insan bu dünyada günah işlədir və günahsız qalmaq mümkün deyildir. Ancaq günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Allah – Təala bütün günahları istəsə bağışlaya bilər. Allaha şərik qoşanların isə günahları heç vaxt bağışlanmayacaq. Allaha şərik qoşmağı tərk edib, bu böyük günahdan tövbə edib, tək Allaha tərəf döndükdə ola bilər ki, Allah həmin insanıbağışlasın. Allah – Təala buyurur ki, şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur”.
Tarix: 29 iyun 2024
Baxış: 88
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş