Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
"Ölkəmizin təhsil sisteminin bir ayağı Baloniyada, bir ayağı da Sovetlər məkanında qalıb" - Ekspertdən SƏRT SÖZLƏR

"AAK-da rəhbərlik dəyişib islahatlar başlayanda, böyük ümidlərimiz yaranmışdı. Düşünürdük ki, nəhayət, bürokratik əngəllər aradan qalxacaq, real nəticələr dəyərləndiriləcək, həqiqi elmə dəyər veriləcək. Təəssüf ki, son dövrlərdə AAK-la bağlı eşitdiyimiz xəbərlər elm adamlarını bu yoldan daha da iyrəndirir".
Bu barədə təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bildirib.
Onun sözlərinə görə, ölkəmizin təhsil sisteminin bir ayağı Baloniyada, bir ayağı da Sovetlər məkanında qalıb.
"Baloniya təhsil sistemi 3 pilləli təhsili - bakalavriatura, magistratura və doktoranturanı dəstəklədiyi halda, biz doktoranturanı da 2 yerə bölüb fəlsəfə doktoru və elmlər doktoru pillələrinə ayırmışıq. Səbəblər təbii ki, əksəriyyətə məlumdur. Bu hələ başqa mövzudur. Gələk elm üçün, real tədqiqatçı üçün açılan yollara yox, yaradılan əngəllərə.
Deməli, AAK-ın qərarı ilə təsdiqlənən Müdafiə Şuralarına AAK-ın özünün şübhəsi yarandığı üçün müdafiə proseslərinə canlı qoşulmaqdan, video materialları detallı izləməkdən əlavə, bir də çağırıb "ekspertlər" hesab etdikləri nümayəndələrin iştirakı ilə müdafiə prosesini yeniləyirlər. Əslində, şübhə və inamsızlığın aradan qalxmağı, fərqli strukturların fiziki şəxslərinin müdaxiləsinin qarşısı alınmağı məqsədilə, bu, pis fikir deyil. Real tədqiqatçıların heç biri də bu mərhələlərdən çəkinməməlidir. Lakin məsələnin digər tərəfi də var. Baloniya təhsil sistemində ya AAK ləğv olunmalıdır, ya da Müdafiə Şuraları müəssisələrdə təşkil olunmamalıdır. AAK müdafiə proseslərinə şübhə edirsə, Müdafiə Şuralarını özündə sistemləşdirsin, real tədqiqatçı ilə saxta tədqiqatçıya həqiqi qiymətini versin. Məqsəd ölkədə elmə gələn yolların açarlarını lazımsız, savadsız şəxslərin əlinə hədiyyə etmək deyil, real tədqiqatçılara yol açmaq olmalıdır.
Biz kimi aldadırıq? Əksəriyyəti pul qazanmaq, yaxşı yaşamaq, gözəl təhsil almaq üçün ölkədən uzaqlaşır. Qalanların da qarşısına süni əngəllər niyə yaradılır?
AAK-da xüsusi statuslu ekspertlər kimlərdir, hansı sahənin mütəxəssisləridir və onlar nəyin əsasında qərar verirlər?
Təsəvvür edin, dosentlik üçün müraciət edən alimin bir böyük qovluq sənədlərini geri qaytarırlar ki, siz burda proqramın üz qabığında fənnin adını ingiliscə yazmısız, biz başa düşmürük həm də azərbaycanca yazın. İzah olunur ki, bu zatən ingilisdilli auditoriya üçün nəzərdə tutulub və siz də başa düşəsiz deyə mötərizədə Azərbaycan dilində də tərcüməsi verilib. - Xeyir dəyişdirilsin, bizi əziyyətə salmayın. - Bir böyük qovluq geri qayıdır.
- Ailə vəziyyəti yazılan xanaya, "ailəlidir, bir övladı var" yazmısız, olmaz, sadəcə "ailəlidir" yazmalıydız. Aparın sənədləri. Bir böyük qovluq geri qayıdır.
- Sizin nəşr etdirdiyiniz vəsaiti mütləq ölkənin konkret biz verdiyimiz siyahı üzrə şəhərlərinin kitabxanalarına göndərilməlidir. Sonra da həmin kitabxanalardan təsdiq məktubunu təqdim etməlisiz. - Təqdim edilən təsdiq məktubları scan edilib emaillə, faksla göndərilə bilməz, poçtla göndərilsin. Bir böyük qovluq geri qayıdır.
- Siz niyə ingilisdilli mənbələr üzərində tədqiqat aparmısız, ingilis dilində nümunələr təqdim edirsiz? Azərbaycan dilində bəyəm yoxdur bunlar? - Çünki German dilləri ixtisası üzrə müdafiə etmişəm, elmi işimin adı da məhz ingilis dilinin tədqiqi ilə bağlıdır. Axı mən ingilis dili müəllimiyəm.
- Siz tədqiqat işində filan məsələyə Bibliyadan nümunə verirsiz, bəyəm İncildə yoxdur nümunə? - Axı, Bibliya elə İncildir.
Bu absurd səslənən, təəssüf ki, elmimizin aktuallığına cırmaq atan dialoqların sayını uzatmaq olar. Təəssüf ki, inanmaq istəmədiyimiz reallıqla üz-üzəyik.
Lakin maraqlıdır, necə olur ki, layiq olmayanlar, elmi işindən xəbərsiz olanlar, ağzını açıb işi haqqında 2 kəlməni belə danışa bilməyənlər bu ekspertlərin önündən "uğurla" keçir, 2-3 aya diplomunu alır? Layiq olanlar isə elmi adlar və elmi dərəcələr üçün süründürülür! Kimdir bu su gələn kanalın başında oturan "əjdaha"? Nədir məqsəd? Kütləvi şəkildə real tədqiqatçı qətliamı???" \\Redaktor.Az
Tarix: 20 iyun 2024
Baxış: 97

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş