Xəbər lenti
Reklam
"Qadınların yerinə kişilər təkliflər verir" - Mehriban Zeynalovadan deputatın təklifinə REAKSİYA

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Tahir Rzayev belə bir təkliflə çıxış edib ki, qadınlar işə bir saat tez gəlib, elə bir saat da tez getsinlər.
"Ailəli, uşağı olan qadınların qayğılarının çox olması hər bizimizə məlumdur. Onlar səhər oyanıb uşaqları geyindirib, yedirib məktəbə yollayırlar. Həmçinin həyat yoldaşlarına süfrə açır, onları işə yola salırlar. Bu qadınlar daha sonra özləri işə gedirlər. İşdən sonra isə ev və ailə işləri ilə məşğul olurlar. Onlar özlərinə ayırmağa zaman tapmırlar. Bu səbəblə qadınların işə bir saat tez gəlib, elə bir saat tez getməsinin tətbiqini təklif edirəm", - deyə millət vəkili bildirib.
Təkliflə bağlı Redaktor.Az-a danışan "Təmiz Dünya” ictimai birliyinin rəhbəri, hüquq müdafiəçisi Mehriban Zeynalova dedi ki, bu məsələdə qadınların rəyi önəmlidir.
"Deyirik ki, atalıq məzuniyyəti olsun, atanın evdə rolu artırılsın, məsuliyyət bərabər bölünsün, sonra bu cür təklif olur. Bu məsələyə təkcə Tahir müəllim özü rəy verə bilməz. Belə məsələlər ciddi məsələlərdir. Problem odur ki, qadınların yerinə kişilər təkliflər verir. Sağ olsunlar, yaxşı haldır, amma bu təkliflərə çox vaxt qadınlar özləri qərar verməlidir. Bu baxımdan qadınlar da çıxış etməlidir, deməlidir istəyirik, ya istəmirik. Gender bərabərliyindən danışırıq və qadınların rəyi soruşulmur. Qadınlar məsələsini gündəmə gətirildiyinə görə sağ olsunlar. Mental olaraq fikirləşirlər ki, səhər tezdən qadınlar uşaqlarını yedizdirməlidir, məktəbə yola salmalıdır, özü bir az hazırlaşmalıdır və axşam da bir az tez getməlidir ki, tez yeməyi bişirsin, qabları yusun. Gender bərabərliyindən danışırıqsa, mən tək qadın olaraq da bu məsələyə rəy verə bilmərəm, buna mütləq şəkildə qadınlar rəy verməlidir. Ona görə daha çox işləyən qadınlardan soruşmaq lazımdır ki, buna razısınız, yoxsa yox? Bəlkə deyəcəklər səhər hamı ilə bərabər getmək istəyirik, axşam iki saat tez çıxmaq istəyirik, bəlkə belə istəyəcəklər? Bu baxımdan yaxşı olar ki, belə təkliflərdə qadınların rəyi soruşulsun və kişilər də bu proseslərdə bərabər məsuliyyəti öz üzərinə götürə bilsinlər", - deyə təşkilat rəhbəri bildirdi.

Humay İSGƏNDƏRLİ

Tarix: 27 may 2024
Baxış: 102

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş