Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Valideyn məsuliyyəti: Bəziləri dərk etmir?

2023-cü ildə 5446 nəfər yetkinlik yaşına çatmayan şəxs polis şöbələrinə gətirilib.
Bu barədə məlumat Daxili İşlər Nazirliyinin ötən illə bağlı hesabatında qeyd olunub.
Rəsmi məlumata görə, daxili işlər orqanlarına gətirilən uşaqların 767-sini qızlar, 4679-nu oğlanlar təşkil edib.
Polisə aparılan uşaq və yeniyetmələrdən 967-si təhsildən yayınanlar olub.
Rəsmi statistikada spirtli içki və başdumanlandırıcı maddələr, narkotik vasitələr və psixotrop dərmanlar qəbul edən uşaq və yeniyetmələr də az deyil. Ən pis hal, bu yollara düşən yetkinlik yaşına çatmayanların sayının artmasıdır.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının uşaq məsələləri şöbəsinin nümayəndəsi Həsən Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bəzi yetkinlik yaşına çatmayanların cinayət tərkibli əməllərə meyil etməsi təəssüf doğurur:


"Uşaqların əməllərinə görə hüquq-mühafizə orqanlarına dəvət olunmasının səbəbi ilk növbədə valideyn məsuliyyətsizliyidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında da qeyd olunduğu kimi uşaqlara baxmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 
Çünki uşaqlar sağlam qərar verməkdə çətinlik çəkir və verdikləri qərarların hansı nəticələrə gətirib-çıxaracağını bilmirlər. Bu da bəzi hallarda uşaqların istəyərək, ya da istəməyərək qanun pozuntusu törətməsinə səbəb olur. Təəssüf ki, yalnız qanun pozuntusu ilə bitmir. Bəzən də azyaşlının cinayətin qurbanına çevrilərək ölməsi ilə nəticələnir".
Həsən Əliyev qeyd edib ki, uzun illərdir bütün dövlət qurumları, eləcə də qeyri-kommersiya şirkətləri narkotik vasitələrin həzz vermədiyi, ilk istifadədən sonra bütün həyatı puç etdiyi barədə maarifləndirmə işləri aparsa da, məsələnin ciddiyətinin fərqində olmayanlar hələ də mövcuddur: 
"Dövlət Komitəsi kimi il ərzində keçirilən yüzlərlə tədbirdə uşaqlar və valideynlərlə maarifləndirmə işləri aparırıq və valideynlərə onların məsiliyyətsizliyinin nələrə başa gələ biləcəyini söyləyirik. 
Bəzi valideynlər belə düşünür ki, "uşaqdır da, böyüyəcək". Bəs uşağa səhvi, düzü kimi öyrətməlidir? Bu yerdə məsuliyyətsiz yanaşırlar. Nəticəsi isə sizin sadaladığınız statistik məlumatlara gətirib çıxarır.
Bütün belə mənfi halların qarşısının alınması istiqamətində dövlət proqramları, tədbirlər planları hazırlanıb. Bu proqramlardan irəli gələn işlərin aparılması zamanı mövcud vəziyyət təhlil edilir nəticəsinə görə addımlar atılır. 
Zərərli vərdişlərlə mübarizə sahəsində vətəndaşlar da dövlət orqanları ilə həmrəy hərəkət etməli, narkotik bazarına ağır zərbələr vurmaq üçün dövlət qurumlarına hadisə ilə bağlı öncədən məlumat verərək dəstək olmalıdır.
Eyni məsələlər həll üsulları bir baxımdan təhsildən yayınmaya da aiddir. Uşaqlar bəzi hallarda həyatlarına həyəcan qatmaq üçün dərsdən qaçsalar da, böyük əksəriyyətdə valideynlər uşaqları yayındırırlar. 
Dövlət Komitəsinə bu haqda məlumat daxil olan kimi dərhal araşdırır və uşağın təhsilinin bərpa olunması üçün bütün zəruri addımları atır. Valideynlər təhsildən yayınmaya əsas kimi ailənin rifahın aşağı olmasını göstərsə də bilirik ki, dövlət orta təhsil sistemi pulsuzdur.
Üstəlik uşağın gələcəkdə hansı sahədə işləməsindən asılı olmayaraq təhsil onun karyera fəaliyyətinə birbaşa və önəmli təsirə malik dövrdür. Hətta bəzi qızlar, ya qadınlar işləmək istəməyib ev xanımı olmağı seçsələr belə, təhsilli qadının ailəsində böyüyən uşaqla digəri arasında fərq böyük olur".
Onun sözlərinə görə, Dövlət Komitəsi nəinki Bakıda, bütün regionlarda maarifləndirmə işləri aparır, dayanmadan tədbir və təlimlər keçirir, uşaqlara onların hüquqları və hüquqlarının müdafiəsi haqqında məlumatlar verilir:
"Komitəyə təhsildən zorla yayındırılan uşaqlar da şəxsən və gizli formada müraciət edirlər. Biz də uşağın təhsili bərpa edib valideynlərlə profilaktik söhbətlər aparır, təhsildən yayındırmanın hüquqi məsuliyyətini izah edirik. 
Azərbaycan dövləti təhsil sisteminin inkişafı istiqamətində böyük addımlar atmağa davam edir və zamanın tələbləri nəzərə alınaraq təhsil sisteminə innovativ yanaşmalar gətirir. 
Bütün vətəndaşlar kimi dövlət də uşaqların təhlükəsizliyinin qorunmasının və təhsilin inkişafının marağındadır. Bu addımların atılmasında vətəndaşlar dövlətə inanmalı və atılan addımlarda dəstək olmalıdır".

Ləman İsmayıl
"Cebhe.info"

Tarix: 11 may 2024
Baxış: 123

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş