"Deyirlər, Avropanın maaşını verin, amma Azərbaycanda gey, fahişə olmasın" - QALMAQAL
Dünən açıq-saçıq geyimdə Bakıda fəaliyyət göstərən mağazalardan birinə daxil olan qadının qovulması xəbəri sosial medianın müzakirə mövzularından birinə çevrilib.
Gender.Az Ölkə.Az-a istinadla xəbər verir ki, hadisəni əks etdirən videonu paylaşan səhifələrin rəy bölməsində əksəriyyət mağaza əməkdaşının davranışını alqışlayır. Qınayanlar isə azlıq təşkil edir, habelə ictimai fəallar da açıq-saçıq geyinən qadının qovulmasını tənqid edir.
Yazıçı Kəramət Böyükçöl də mağaza əməkdaşının hərəkətlərini qınayanlar sırasındadır. O bildirir ki, yazılan rəyləri gördükdə dəhşətə gəlib.
"Avropanın maaşını, Avropanın pensiyasını istəyən adamlar qadını qısa geyindiyinə görə marketdən qovurlar. Rəylərə baxıb dəhşətə gəldim. Avropanın maaşını, Avropanın pensiyasını istəyən adamlar da kütləvi şəkildə videoya rəy yazıb qovan qadına haqq qazandırırlar. İndi bunlar özlərini Avropadan ağıllı hesab edirlər. Deyirlər, bizə yüksək maaş verin, yüksək pensiya verin, amma ölkəmizdə heç kim qısa geyinməsin, ölkəmizdə fahişə olmasın, gey olmasın. Yuxuda görərsiniz. Sizin bu ağılla quracağınız cəmiyyət uzaq başı Əfqanıstan ola bilər", - yazıçı qeyd edib.