Xəbər lenti
Reklam
“Tonqalın hündürlüyü bir metr yarımı keçməməlidir” — Çərşənbə axşamı DİQQƏTLİ OLAQ

Bu gün Od Çərşənbəsidir. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə təkrar müraciət edib. Müraciətdə deyilir ki, çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara səbəb olur: “Belə ki ötən həftə Abşeron rayonunda çərşənbə mərasimi zamanı yaşayış binasının həyətində qalanan tonqaldan çıxan qığılcımın avtomobilin üzərinə düşməsi nəticəsində yanğın hadisəsi baş verib. Yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək digər avtomobillərə keçməsinə imkan verilməyib”.
Təhlükəsizlik eksperti Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında yanğın təhlükəsizliyi qaydaları barədə məlumat verib. O qeyd edib ki, ilk növbədə tonqal qalanacaq yeri düzgün seçmək lazımdır:


“Tonqalın qalanacağı yerdən ən az 15 metr məsafədə tez alışan əşyalar olmamalıdır. Nəqliyyat vasitələrinin yaxınlığında, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə tonqal qalamaq olmaz. Yer səthinə metal lövhə qoyulmalı, onun üzərində qalamaq lazımdır. Bu onun üçündür ki, asfalt örtük korlanmasın və yerdə qalan qığılcımlar ətrafa səpələnməsin. Tonqalın maksimum hündürlüyü 1 metr 50 santimetri keçməməlidir. Yalnız ocağın tam söndüyünə əmin olduqdan sonra məkanı tərk etmək olar”.

Ekspert deyib ki, uşaqları nəzarətsiz buraxmaq olmaz:

“Valideyn nəzarəti altında olmalıdır uşaqlar. Tonqal ətrafında pirotexniki vasitələrdən, fişənglərdən istifadə etmək yolverilməzdir. Yandırılan odun, taxta parçalarının üzərində lak, boya və ya hər hansı digər kimyəvi maddənin olmamasına diqqət edilməlidir. Tonqalın içərisinə metal, tənəkə, şüşə, konserv qabları, rezin və s. bu kimi materiallar atmaq olmaz. Xüsusilə də təkər şinlərinin yandırılması məqsədəuyğun deyil. Bunlardan ayrılan tüstülərin tərkibində toksik maddələr var və zəhərlənməyə səbəb ola bilər”.

Törə Zeynallı
Tarix: 05 mart 2024
Baxış: 157

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş