“İnsanlar heyvanları, heyvansevərlər də insanları günahlandırır. Bunun yalnız bir yolu var – dövlətin vaxtında qısırlaşdırma ilə bağlı atacağı addımlar”.
Gender.Az bildirir ki, bu fikirləri Musavat.com-a hərbi kinoloq Nicat Əhmədli bildirib.
O deyib ki, itlərin qısırlaşdırılması Amerikada, Almaniyada tətbiq edilib və nəticə effektli olub:
“Qısırlaşdırma proqramından sonra ilk nəticə 60 faiz olacaq. Yaxın 5 ildə isə 80 faizə yaxın nəticə əldə olunacaq. Bunun başqa yolu yoxdur. İtləri vaksinləmək və sairə çıxış yolu deyil. Nə qədər deyilsə də, uşaqlar itlə normal davransın, yenə də bu olacaq. Bütün insanlar eyni deyil. Nə də heyvanları günahlandırmaq olar. İnsanın da əsəbi olanı, sakit olanı var. Qaldı ki heyvan ola, şüursuz canlıdır. Təbii ki, bunun edəcəyi hərəkət instinktə bağlıdır. İtlər sürü psixologiyası ilə yaşayır. Avtomatik onların ərazisinə soxulan insana reaksiya verə bilər. Ola bilər, balalayıblar, itlər belə vaxtlarda reaksiya verə bilirlər. Yəni yeganə çıxış yolu onları qısırlaşdırmaqdır”.
Qeyd edək ki, Qobu qəsəbəsində it dişləyən azyaşlının vəziyyəti ağırdır.
Bu barədə TƏBİB-dən bildirilib.
“Martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3″ yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir”, – məlumatda deyilir.