“İslam dininə görə, bizim mənəviyyatımızda olan göstərişlər anaya, ataya, ailə üzvlərinə və ətrafa məhəbbəti, sevgini təbliğ edir. Cin və şeytan insanın özüdür. Bu adam bu qədər dəli idisə, qabağına çıxanı vurub öldürərdi, niyə məhz ailə üzvlərini öldürdü?”
Bunu ilahiyyatçı Hacı Təyyar Hüseynli Bakıda 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən Əhməd Əhmədov barəsində Referans.az-a-a açıqlamasında bildirib.
O, deyib ki, Əhmədə bu cinayəti törətməsini hər hansısa bir şər qüvvələrin deməsi və ya hansısa mistiq bir varlığın bu işdə əməli olduğu kimi söyləntilər əsassızdır:
“İslam dinində vəhşilik, yırtıcılıq, acımasızlıq, şiddət və yaxud insan qətli qadağandır. Nəinki insanlara qarşı zorakılıq etmək, hətta adi sözlə belə kimisə narahat etmək bizim dinimizdə qəbul edilmir. Yaxın günlərdə baş verən dəhşətli qətl hadisəsi ayındır ki, bütün ölkəni sarsıdıb və bununla bağlı müxtəlif insanlar fərqli ehtimallar səsləndirirlər. Məsəl üçün bildirirlər ki, Əhməd ağır ruhi xəstə olub. Bununla razılaşmaq olar ki, ruhi xəstə dedikdə normal insandan söhbət getmirsə, anormal hesab olunan insandan anormal hadisələr gözlənilir”.
İlahiyyatçı qeyd edib ki, Qurana görə şeytan bizlərdən biri ola bilər, yəni o, ya cinlərdəndir, ya da insanlardandır. Onun sözlərinə görə, ötən gün Bakıda baş verən qətl cinayət aləmində çox nadir görülən cinayətlərdəndir: “Çoxsaylı qətllər törətmiş cinayətkarın özü belə bu addımı belə rahatlıqla ata bilməz. Öz ailəsinin içindən olan bir insan bu cür acımasızca ata, ana, bacı və uşaq demədən hamısını belə qətl etməsini cinin şeytanın üzərinə atmaq olmaz. Bu məsələdə insanların xəsətliklərinə səthi yanaşanları günahlandırmaq lazımdır. İstər ailə üzvləri olsun, istərsə də aidiyyatı olan qurumlar məsuliyyət daşıyır”.
İslam dini insanın mənəviyyatını, dürüstlüyünü, anaya, ataya, bacıya, qardaşa və ümumiyyətlə, ailəyə böyük hörməti təbliğ edir. Cin də və şeytan da insanın öz içindədir. Sadəcə biz Allahın buyurduğu yolu getməklə içimizdəki bütün mənvi və şər qüvvələri öldürməliyik – deyə Hacı Təyyar Hüseynli əlavə edib.
Referans.az xatırladır ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.