Xəbər lenti
Reklam
Son illərin biabırçı TRENDİ – Niyə qızlar oğlan, oğlanlar isə qız kimi rəqs edirlər?

Son zamanlar Azərbaycanda azyaşlılar arasında rəqsə maraq artıb. Valideynlər övladlarını milli rəqs bacarıqlarına yiyələnmək üçün müxtəlif məktəb, kurs və ya fərdi müəllim yanına göndərirlər. Bu marağı sosial şəbəkələrdə tez-tez paylaşılan azyaşlı rəqslərindən də görmək mümkündür. Lakin bu videolarda təzadlı məqam qız uşaqlarının oğlan kimi oynaması, kişi rəqsinə xas elementlərdən istifadə etməsidir.
Bütün milli rəqslərdən istifadə edə bilmək bacarığı təqdirəlayiq olsa da vaxtilə el şənliklərində, səhnədə sındıra-sındıra “süzən” Azərbaycan qızlarının yerini dəlisov “kişi” obrazları tutub.
Qızların oğlan kimi rəqs etməsi toylarda da geniş yayılıb. İndi bəzi qadınlar kişilərlə cütlük kimi yox, eynicinsli, tərəf müqabili kimi rəqs edir. Qadınların zərif süzmə hərəkətləri kişivari tullanma hərəkətləri ilə əvəz olunub. 
Azərbaycan rəqsinin qadınlarda incəliyi, zərifliyi, kişilərdə şuxluğu, şücaəti əks etdirdiyi üçün yad elelmentlər rəqsin keyfiyyətini, milliliyini, ən əsası estetikliyini itirir. 
Azərbaycan Dövlət Rəqs Ansamblının baletmeysteri, Əməkdar artist Xanlar Bəşirov mövzu ilə bağlı Bizim.Media-ya danışaraq illər əvvəl bundan narahat olduğunu deyib:
“Bu ürəyimizi ağrıdan mövzudur. İllər əvvəl həmkarlarım qızlara oğlan hərəkətləri göstərməyə başlayanda dedim ki, “siz böyük səhv edirsiniz. Bu gələcəkdə bizim qızların oğlan rəqslərinə meyl salmasına, oğlan kimi rəqs etməsinə gətirib çıxaracaq”, elə də oldu.
El şənliklərində qədimdə hər kəsin öz havası olardı, çıxıb öz ürəyinə yatan, sümüyünə düşən musiqiyə çox gözəl rəqs edərdi. Amma indi aləm qarışıb bir-birinə. Bizim ritmlərdən uzaqlaşıblar, daha çox fars, hind ritmlərindən istifadə edirlər. Bizim milli rəqslərimizlə bağlı ürəyimizi ağrıdan məsələlər çoxdur, niyə bizim toylarda xalq rəqslərimiz çox az çalınır, onlardan daha çox ermənilər, gürcülər istifadə edir, nəinki özümüz?!”
Rəqqas Azərbaycan milli rəqsinin zənginliyindən söz açaraq ona ögey münasibətdən gileylənib:
“Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin 38 illik tədqiqatı nəticəsində “Azərbaycan qədim rəqs havaları” kitabı var. Kitabda 452 xalq rəqslərimiz nota alınıb, izahı yazılıb, 100-dən çox yallı növü var. Bunlar hələ qədim xalq rəqslərimizdir, bəstəkarlar sonradan musiqilərimiz əsasında nə qədər rəqslər bəstələyib, onu demirəm. Dünyanın heç bir xalqının bu qədər xalq rəqsi yoxdur, Qafqazda ən zəngin ritm də bizdədi. Rəqs sənəti bizim milli sərvətimizdir, özündə bir neçə milli element birləşdirir. Musiqi, folklor, milli geyim, rəqs dili ilə tariximizi əks etdirir”.
Əməkdar artist rəqqaslıq peşəsinin çətinliklərini də qeyd edib:
“Bizim sənətə olan münasibət dəyişilməlidir. Peşəkar rəqqaslar olaraq, əvvəllər 20 ildən sonra təqaüdə çıxırdıq, 90-cı illərin axırlarından o bizim əlimizdən alınıb. Bu günə kimi biz də adi insanlar kimi təqaüdə gedirik, amma bu sənət gənclik, cavanlıq tələb edir, səhnədə 20 il, 40 yaşına qədər bacarıq göstərirsən, səhnəyə də bu yaraşır. Amma o müddətdən sonra rəqs etmək düzgün deyil. 
Biz burda məşq edirik, dünyaya mədəniyyətimizi rəqsin dili ilə tanıtmaq istəyirik, çıxıb tanıda bilmirik. Səfərlərimiz yoxdur. Azərbaycan öz rəqsləri ilə dünya turuna çıxsa, bütün dünya bizim zəngin mədəniyyətimizi, necə istedadlı xalq olduğumuzu görəcək. 
Azərbaycan Dövlət Rəqs Ansamblının bu günə kimi məşq zalı yoxdur. Bizim ən azı 3 dənə məşq zalımız olmalıdır. Bir var ayrı-ayrı zallar olsun, qızlar ayrı, oğlanlar ayrı, solo hissələr ayrı məşq edilsin. Biz bir illik işi üç ilə görürük”.

Tarix: 05 fevral 2024
Baxış: 141

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş