Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
"Papa Fransisk eynicinsli izdivaclara icazə verməyib"

"Roma Papası Fransisk eynicinsli cütlüklərin kilsə nikahına daxil olmalarına, onların mülki izdivacına xeyir-dua verilməsinə razılıq verməyib".
Gender.Az bildirir ki, bu barədə Azərbaycandakı Katolik kilsəsinin apostol prefekturasının mətbuat katibi Tural Ağayev deyib.
O qeyd edib ki, Vatikanın rəsmi saytında dərc edilən "Fiducia Supplicans" Bəyannaməsi eynicinsli münasibətdə və ya boşandıqdan sonra yeni izdivacda olan insanlara xeyir-dua verməyə imkan yaradır, lakin bu xeyir-dua onların statusunu heç bir halda təsdiq etməməlidir və nikah görüntüsünü belə yaratmamalıdır.

0b517b41-507d-3bf8-a78a-57851a12.jpg (84 KB)

"Katolik kilsəsinin nikah və ailə haqqında təlimi dəyişmir və belə bir xeyir-dua həmin izdivacların kilsə tərəfindən qəbul olunması anlamına gəlmir. Bütün bunların nə demək olması və hansı şərtlərdə mümkün olmasının izahı aşağıdakı kimidir.
Əgər iki nəfər, hətta onların “cütlük” kimi vəziyyətləri “qeyri-müntəzəm” olsa belə (yəni qeyri-standart, eynicinsli cütlüklərdə və ya əvvəllər evli olub, lakin boşanmış cütlüklərdə olduğu kimi) keşişdən xeyir-dua istəsə, o zaman katolik keşişi belə xeyir-duanı verməyə razılıq verə bilər. Bununla belə, pastoral (ruhani bələdçilik) mərhəməti jestini icra edərkən, nikah ayininə bənzəyə biləcək istənilən elementlərdən qaçmaq lazımdır", - deyə Tural Ağayev qeyd edib.
Onun sözlərinə görə 18 dekabr 2023-cü ildə İman Doktrinaları Dikasteriyası tərəfindən dərc edilmiş və Papa Fransisk tərəfindən təsdiq edilmiş xeyir-duaların pastoral əhəmiyyətinə dair "Fiducia Supplicans" Bəyannaməsində məhz bundan bəhs edilir:
"Həmin sənəddə xeyir-dua mövzusu tədqiq olunur və ritual, liturgik xeyir-duaları, eyni zamanda xalq təqvası jestlərinə mənaca daha yaxın olan müxtəlif vəziyyətlərdə spontan verilən xeyir-dualar arasında fərqlər qoyulur. Əxlaq haqqında xristian təliminin normalarına uyğun yaşamayan, lakin buna baxmayaraq həlimliklə və təvazökarcasına xeyir-dua istəyənlərə belə xeyir-duanın verilməsinin mümkünlüyü məhz bu ikinci kateqoriyada – yəni “xalq təqvası jestləri” kateqoriyasında baxılır.
Bəyannamə Nikah Ayinində verilən xeyir-duanın mənasını açıqlayır (4-6-cı bəndlər), eyni zamanda “nikah olanın və nikaha zidd olanın arasında çaşqınlıq yaradan ayin və duaların yolverilməzliyini” bəyan edir, “nikah olmayanın nikah kimi tanınmasına” gətirə biləcək bütün eyham və işarələrdən qaçmağı bəyan edir.
“Fiducia Supplicans” Bəyənnamədə bir daha vurğulanır ki, “Dəyişilməz Katolik Doktrinasına” görə cinsi əlaqə yalnız kişi və qadın arasında bağlanan nikah kontekstində qanuni sayılır".
Qeyd edək ki, ötən gün Roma Papasının eynicinsli fərdlərin nikahına xeyir-dua verilməsinə icazə verdiyi haqda məlumat yayılıb. Məlumata görə Roma Katolik Kilsəsinin lideri bildirib ki, kahinlərə müəyyən şərtlər daxilində eynicinsli cütlüklərə xeyir-dua verməyə icazə verilməlidir. Lakin Vatikanın evliliyə kişi və qadın arasındakı münasibət kimi baxmağa davam etdiyini bildirib. \\Musavat.com

Tarix: 19 dekabr 2023
Baxış: 138

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş