Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Hərbçi olmaq istəyənlərə ŞAD XƏBƏR - Yeni qərar QƏBUL OLUNDU

Azərbaycanda 3 xüsusi təyinatlı hərbi kollec yaradılacaq. Bu məsələ Prezident İlham Əliyevin gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında Fərmanında öz əksini tapıb. 
Fərmana görə, Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra – hərbi kollec) üç ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Müdafiə Nazirliyinə ilkin olaraq 2 milyon manat məbləğində vəsait ayrılır.
Hərbi ekspert Səxavət Məmməd Referans.Az-a açıqlamasında bildirib ki, bu qərarın qəbul olunmasına uzun müddətdir ehtiyac vardı.


“Əslində, Azərbaycanda hərbi kolleclərin yaradılması gecikdirilmiş qərardır. Uzun müddətdir ki, buna Azərbaycan ordusunda ehtiyac var idi. Məsələn, ölkədə zabitlərin hazırlanması üçün hərbi akademiyalar fəaliyyət göstərir, lakin gizir, maxe və miçmanların hazırlanması üçün konkret olaraq təhsil müəssisəsi və ixtisas nəzərdə tutulmamışdı. Bir müddət əvvəl onlara Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində hazırlıq keçirilirdi, daha sonra onlar korpusların nəzarətinə verilmişdilər. Yəni bu sahədə konkretlik yox idi. Bu baxımdan qərar ordu fəaliyyəti üçün olduqca faydalı olacaq”
Ekspert qeyd edib ki, Azərbaycan ordusunda kadr çatışmazlığı ilə bağlı problemin olduğu hiss olunurdu. Bu tip qərarlar da problemin həll olunmasında olduqca məqsədəuyğundur.
“Qeyd etdiyiniz sərəncamdan əlavə bir sərəncam da olmuşdu ki, buna əsasən, 5 ilə qədər xidmət etmiş gizir, miçman və MAXE-lər orta təhsillidirsə, onlara kiçik leytenant rütbəsi veriləcək. Əslində, nəzərdə tutulan hərbi məktəblərdə kadr hazırlandıqdan sonra böyük ehtimal ki, onlara gizir, miçman və MAXE rütbələri veriləcək. Lakin onlar bir müddət xidmət keçdikdən, əlavə kurslardan sonra onlara ali rütbələr - leytenant və digər ali rütbələr verilə bilər”.

Fidan Vəlisoy

Tarix: 15 dekabr 2023
Baxış: 143

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş