"65 yaşlı müəllimlər Sovet təhsilində yetişib, Azərbaycan isə Avropa sisteminə keçir" - Ekpsert
"65 yaşlı müəllimlərin təqaüdə göndərilməsi kadr çatışmazlığı yaradır".
Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspertin sözlərinə görə, Azərbaycan ümumtəhsil məktəblərində 65 yaşı tamam olan və bu il dekabrın 31-dək 65 yaşı tamam olacaq 17 471 müəllim fəaliyyət göstərir:
"65 yaşı tamam olan və ya cari ilin sonuna kimi 65 yaşı tamam olacaq təhsil işçilərinin 497-si direktor, 11 385-i direktor müavini və müəllimlərdir. Həmin kadrların 449-u digərləri kateqoriyasına aid edilən laborant, psixoloq, tərbiyəçi, kitabxana müdiri, kitabxana işçisi, uşaq birliyi rəhbəri, tibb baçısı, 5 140-ı isə texniki işçi, yəni ocaqçı, anbardar, bağban, gözətçi, aşbaz, bufetçi, sürücü, qabyuyan, usta və s.-dir. Bu rəqəmlər əsasında deyə bilərəm ki, ümumtəhsil məktəblərində kifayət qədər 65 yaşı tamam olmuş müəllim var və bu ümumi müəllimlərin 10%-i təşkil edir".
Kamran Əsədovun fikirincə, 50-55 yaşdan sonra insan beyinində yorulmalar, zəifləmələr prosesi gedir:
"Bu səbəbdən də 65 yaşılı müəllim heç vaxt normal dərs keçə bilməz. Təbii ki, istisnalar mövcuddur. Digər tərəfdən, 65 yaşlı müəllimlər hamısı Sovet təhsil sistemində yetişiblər. Azərbaycan isə bu gün Avropa təhsil sistemi ilə işləməyə üstünlük verir. 65 yaşlı müəllimlər yeni metodologiyaları normal mənimsəyə bilmirlər və yaxud da buna cəhd etmirlər. Yenə də deyirəm, mövcud qanunvericiliyə görə, müəllimin çalışma yaş həddi 65 yaş müəyyənləşib. Ancaq 65 yaşdan sonra hər dəfə bir il uzatmaqla 70 yaşına çatdırmaq olar. Əgər onun Əməkdar müəllim və digər dövlət əhəmiyyətli mükafatları varsa, ondan sonra da 1 il artırmaq olar".
Ekspert hesab edir ki, bu ən uyğun qanunvericilikdir:
"Müəllim üçün 65 yaş ən püxtələşən, təcrübə qazanan bir dövrdür. Əgər, o müəllimin potensialı, fiziki sağlamlığı imkan verirsə, 65-70 yaşına qədər işləyə bilər. Bu şərtlə ki, mövcud qanunvericiliyin qaydaları obyektiv şəkildə həyata keçirilsin. Bəzən elə olur ki, müəllimin potensialı nəzərə alınmır, 65 yaşı tamam olan kimi ona məktub gəlir. Hətta bir müddət tədris ilinin ortasında 65 yaşla bağlı işdən azad edirdilər. Sonralar bu məsələ daha da böyüdü, indi isə tədris ilini başa vurur. Mövcud qanunvericiliyə əsasən, müəllimin 70 və daha artıq yaşda da işləmək imkanı var".
Kamran Əsədov xeyli regionlarda müəllim çatışmazlığını diqqətə çatdırıb:
"Belə bir şəraitdə 67-68 yaşı olsa belə, müəllim çatışmırsa, o işdən azad edilməməlidir. Yəni vakansiyalar da nəzərə alınmalıdır. Eyni zamanda, təcrübəli müəllimləri işdən azad etmək hesabına səriştəsiz, təcrübəsiz müəllimlərin yerləşdirilməsi də düzgün mövqe deyil. Ona görə də müəllimin potensialı varsa, imkan vermək lazımdır ki, çalışsın".
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev pensiya yaşına çatanların işdə qalması məsələsi ilə bağlı açıqlama verib: "Bu gün kimsə işindən ayrılanda ciddi problem yaranır. Halbuki proqram dəyişirsə, kadr dəyişikliyi də qaçılmazdır. İşçinin pensiya yaşına qədər işdə qalması yanaşmasının dəyişməsi ağrılı qərardır. Biz seçim etməliyik, ya heç kimə dəymirik və hər şey də olduğu kimi qalacaq, ya da dəyişiklik üçün ağır qərarlar verməliyik".
Bahar Rüstəmli