Xəbər lenti
Reklam
Qoyun sürüsü yaranır, dilinə xəyanət etmək olmaz - Şeyx Əbdül

Bu günlərdə əyləncəli proqramda iştirak edən azyaşlıların öz dilini bilməməsi narahatlıq doğurub. Bu barədə valideynlərdən biri sosial şəbəkələrdə paylaşım edib.
Belə ki, tədbirdə aparıcı əlinə mikrofon alaraq rus dilində "kim Azərbaycan dilində anlamır" sualını verib. Bu zaman uşaqların yarısı əlini qaldırıb.
Bu hal təbii olaraq cəmiyyətdə narahatlıq doğurub.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudov deyib ki, dil bilmək yaxşı hal olsa da, birinci növbədə insan öz dilini bilməlidir:
"Tarixin bütün dönəmlərində dil bilmək yüksək mədəniyyət göstəricisi hesab olunub. Amma burada əsas məsələ bundadır ki, xarici dili öz dilini biləndən sonra öyrənmək lzımdır. Öz dilini bilməyən, ana laylaları, folkloru, qaravəlliləri, bayatıları öz doğma dilində eşitməyən, hiss etməyən uşaq, istər-istəməz bir az vətənsiz böyüyəcək.
İndi dünyaya açılmışıq, dil bilmək mütləq lazımdır. Hətta düşmənin də dilini bilmək lazımdır. Pis olan odur ki, sən öz dilini kənara qoyursan, gedib kiməsə yaranırsan, kiməsə oxşamaq istəyirsən. 
Sırf şəxsi marağını güdüb kökünə, soyuna, dilinə, torpağına xəyanət etmək yolverilməzdir. 
Milli kimliyini ortaya qoymaq üçün gərək özünü tanıyasan. Yoxsa bilmədən durub axara qoşulursan,qaragüruh olursan. Nəticədə heç kimə lazım olmayan qoyun sürüsü yaranır" - o söyləyib.
Xalq artistinin fikrincə, bu gün orta məktəblərdə və ali təhsil müəssisələrində xarici dillər normal səviyyədə tədris edilmədiyindən valideynlər də övladlarının dil bilməsi üçün onları kiçik yaşlarından xarici dil öyrədilən bağçalara və ya kurslara göndərir.

Billurə Yunus

Tarix: 15 noyabr 2023
Baxış: 145

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş